​SOCAR: "Tekfen-Azfen" işçilərinin şikayəti ilə bağlı araşdırma aparılır

​SOCAR: "Tekfen-Azfen" işçilərinin şikayəti ilə bağlı araşdırma aparılır Araşdırma aparıldıqdan sonra yekun rəy bildiriləcək
Energetika
28 Oktyabr , 2015 15:16
​SOCAR: Tekfen-Azfen işçilərinin şikayəti ilə bağlı araşdırma aparılır

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Şahdəniz-2" layihəsi çərçivəsində tikinti-quraşdırma işləri aparan "Tekfen-Azfen" alyansının işçilərindən xarici menecer barədə şikayət daxil olub və bu şikayət hazırda layihənin operatoru olan BP şirkəti tərəfindən araşdırılır. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, araşdırma aparıldıqdan sonra yekun rəy bildiriləcək.

"Layihə BP şirkəti tərəfindən idarə olunur. Bu layihədə Azərbaycanda heç vaxt olmayan həcmdə iş görülür. Qürurverici haldır ki, belə bir layihənin icrasının 99%-i Azərbaycanın milli kadrları tərəfindən yerinə yetirilir. Təbii ki, burada da işçilər arasında xarici menecerlər, mühəndislər, supervayzerlər var. Burada da kimsə işçilərə qarşı kobudluq edib. Bununla bağlı şikayət olunub. Bu şikayət də BP şirkəti tərəfindən araşdırılır. Araşdırıldıqdan sonra yekun rəy bildiriləcək", - SOCAR-dan bildirilib.

Qeyd edək ki, "Tekfen-Azfen" alyansının fəhlələri oktyabrın 26-da etiraz aksiyası keçiriblər. Məlumata görə, onlar türkiyəli menecerin yerli işçilərə qarşı kobudluq etməsi və ayrı-seçkiliyə yol verməsinə etiraz ediblər.

"Tekfen-Azfen" alyansı "Tekfen İnşaat ve Tesisat A.S." və "Azfen"  birgə müəssisəsi arasında yaradılıb.

2013-cü il dekabrın 20-də "Şahdəniz" konsorsiumu "Mərhələ 2" çərçivəsində tikinti işlərinin aparılması üçün "Tekfen-Azfen" alyansı ilə müqavilə imzalayıb.

Müqavilə Səngəçal terminalında "Şahdəniz-2" üçün yeni qurğuların tikintisi və istismar sınaqlarına dəstək işlərini əhatə edir. Müqaviləyə görə, alyans Səngəçal terminalında əsas qaz və kondensat emalı qurğularının tikintisi, sualtı boru kəmərinin sahilə çıxdığı ərazidən terminal qurğularına qədər uzanan qaz, kondensat və MEQ (monoetilenqlikol) boru kəmərinin inşası, Səngəçaldakı mövcud terminalda yenidən quraşdırma işlərini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi