Yuxarı

​SOCAR Supsa limanından neft ixracını 35% artırıb

Bu ilin yanvar-oktyabr aylarında bu limandan 2,3 mln. tondan çox xam neft ixrac olunub

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 338 592 ton xam neft ixrac edib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrda Supsa limanından ixrac olunan xam neftin həcmi ötən ilin oktyabr ayından 35% artıqdır.

Yanvar-oktyabr ayları ərzində isə Supsa limanından 2 372 131 ton xam neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövründən 6% azdır.

Bildirək ki, hesabat ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) isə xam neft ixrac olunmayıb. Yanvar-sentyabr ayları ərzində SOCAR-ın Novorossiysk limanından ixracının həcmi 1 100 446 ton təşkil edib.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Xatırladaq ki, Azərbaycan nefti Qara dənizin Novorossiysk limanına Bakı-Novorossiysk boru kəməri vasitəsilə Rusiya ərazisindən keçməklə nəql olunur. Bu kəmərin ümumi uzunluğu 1 330 km-dir və kəmərlə ilk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb. 2014-cü il fevralın 18-də SOCAR ilə Rusiyanın “Transneft” şirkəti arasında Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlinə dair imzalanan yeni müqaviləyə əsasən, bu kəmərlə ildə 1,5 mln. ton xam neft ixrac olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi