Yuxarı

SOCAR səmt qazının yığılmasi istiqamətində iş görür

Hasilat sahələrində aşağı təzyiqli səmt qazının tam həcmdə yığılaraq sıxılıb nəql kollektoruna vurulması üçün kompressorlar quraşdırılır

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi tərəfindən 2013-cü ildən etibarən “Bahar Enerji”, “Balaxanı”, “Şirvan Oyl”, “Salyan Oyl”, “Qarasu'', “Neftçala” və “Suraxanı” əməliyyat şirkətləri tərəfindən hasil olunan aşağı təzyiqli səmt qazının yığılaraq qaz-nəql sisteminə itkisiz ötürülməsi məqsədilə bir sıra tikinti və yenidənqurma işləri həyata keçirilir. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Ötən müddət ərzində “Salyan Oyl” ƏŞ-nin “Qarabağlı” sahəsində hasil olunan aşağı təzyiqli səmt qazının tam həcmdə yığılaraq sıxılıb nəql kollektoruna vurulması üçün 6 ədəd kompressor aqreqatı (5-i işçi, 1-i isə ehtiyat), kompressorların çıxışında qazsoyutma sistemi, separator və qaz ölçü qovşağı quraşdırılıb, transformator yarımstansiyası, xarici elektrik təchizatı, operator otağı, su təchizatı və daxili kanalizasiya sistemi tikilmiş, sahə abadlaşdırılıb. Bu, sutkada 50 min kubmetr səmt qazının yığılaraq nəql sisteminə vurulmasına imkan yaradıb.

“Balaxanı" ƏŞ tərəfindən səmt qazının yığılıb təhvil verilməsi üçün fiziki və mənəvi cəhətdən köhnəlmiş kompressor stansiyasının ərazisində hər birinin gücü sutkalıq 50 min kubmetr təşkil edən 2 ədəd Almaniya istehsalı müasir qurğudan ibarət yeni kompressor stansiyası tikilib. Kompressorların girişində və çıxışında qazın mexaniki qarışıqlardan təmizlənməsi üçün separator quraşdırılıb. Stansiya ən müasir elektrik təchizat sistemi və nəzarət ölçü cihazları ilə təmin edilib. Hazırda soyutma və drenaj sistemləri quraşdırılır, korroziyaya qarşı mühafizə tədbirləri görülür. Cari ilin oktyabr ayında tikintisi başa çatacağı obyektin istismara verilməsi ilə sutkada 50 min kubmetr həcmində qazın nəql sisteminə vurulması təmin ediləcək.

Bundan əlavə, “Qarasu” ƏŞ-nin ərazisindəki köhnə qaz ölçü qovşağının yenisi ilə əvəz olunması nəzərdə tutulur. Yeni tikiləcək “Qarasu” qaz ölçü qovşağında səmt qazının maye və bərk qarışıqlardan təmizlənməsi üçün qurğunun, təzyiq tənzimləyici qurğunun, odarant qurğusunun və digər zəruri texnoloji qurğu və avadanlıqların quraşdırılması planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi