Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün Rumıniyanın Piteşti şəhərində “SOCAR” brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bununla da Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin ümumi sayı 34-ə çatıb.
"Nano 95", "Nano Dizel" və "Nano Super Dizel" tipli yanacaq məhsulları satışının həyata keçiriləcəyi məntəqədə 4 avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsinə imkan verən 3 sayğac quraşdırılıb. Digər yanacaqdoldurma məntəqələrində olduğu kimi, burada ənənəvi Azərbaycan məhsulları, sürücülərə lazım olan avtomobil aksessuarları, “Roviniete” də (yol vergisi) daxil olmaqla bir sıra ödənişlərinin edilməsi üçün xüsusi avadanlıq quraşdırılıb.
Qeyd edək ki, SOCAR Rumıniyanın 17 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Buxarest və Argeşdə yanacaqdoldurma məntəqələrinə malikdir.

