SOCAR qaz anbarlarında İran qazına 2 mlrd. kubmetrə qədər yer saxlaya bilər

SOCAR qaz anbarlarında İran qazına 2 mlrd. kubmetrə qədər yer saxlaya bilər ​SOCAR İrandan qaz alınması ilə bağlı danışıqlar aparır
Energetika
5 Sentyabr , 2016 11:50
SOCAR qaz anbarlarında İran qazına 2 mlrd. kubmetrə qədər yer saxlaya bilər
SOCAR prezidenti Rövnəq Abdullayev / Report/ Firi Salim

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İranla qaz alınması ilə bağlı danışıqlar aparır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

SOCAR prezidentinin sözlərinə görə, İran qazının SOCAR-ın anbarlarına vurulub sonradan İranın şimal ərazilərinin qaz təminatında istifadəsi üçün danışıqlar aparılır.

O xatırladıb ki, bu barədə İranın neft naziri ilə danışıqlar aparılıb: "İranın qışda şimal rayonlarının qaz təminatı ilə bağlı böyük problemləri olur. İran Prezidenti Həsən Ruhaninin avqust ayında Bakıya səfəri çərçivəsində də qaz alınması barədə danışıqlar aparılıb. Onlar Azərbaycanın qaz anbarlarından gələcəkdə qış aylarında İranın şimal rayonlarının qazla təminatı üçün istifadəsində maraqlıdırlar. İran qazı yay aylarında SOCAR-ın anbarlarına vurulub, qışda İranın şimal rayonlarının istifadəsinə verilə bilər", - deyə R. Abdullayev əlavə edib.

Onun sözlərinə görə, SOCAR anbarlarında 1-2 mlrd. kubmetr həcmində İran qazına yer saxlaya bilər.

O əlavə edib ki, SOCAR-a da neft hasilatını artırmaq üçün laylara vurmaq və qaz anbarlarının həcmini artırmq üçün qaz lazımdır: "Enerji təhlükəsizliyi üçün artıq qaz anbarlarının tutumu 800 mln. kubmetrdən 3,5 mlrd. klubmetrə çatdırılıb. Qaz anbarlarının tutumunu 5 mlrd. kubmetrdən də çox edə bilərik. Amma qazımız olmadığı üçün onu sınaqdan keçirməmişik. Əlavə bir neçə milyard kubmetr qaz lazımdır ki, anbarlara vurub onların tutumunun 5 mlrd. kubmetrdən yuxarı olması imkanını yoxlayaq. Texniki olaraq biz bunu etmək istəyirik, bunun üçün isə əlavə həcmdə qaz lazımdır".

Rusiyadan qaz alınması məsələsinə gəlincə isə SOCAR prezidenti hazırda Rusiyanın "Qazprom" şirkəti ilə bu barədə danışıqlar aparılmadığını bildirib. "Bizə yataqlara vurmaq üçün texniki qaz lazımdır. Əgər biz dediyimiz şərtlərlə qaz verilərsə alınacaq, verilməsə alınmayacaq" - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi