​SOCAR Bakıda keçiriləcək beynəlxalq enerji forumuna rəsmən dəstək verib

​SOCAR Bakıda keçiriləcək beynəlxalq enerji forumuna rəsmən dəstək verib Foruma Azərbaycanın dövlət başçısı da dəvət olunub
Energetika
9 Yanvar , 2015 12:39
​SOCAR Bakıda keçiriləcək beynəlxalq enerji forumuna rəsmən dəstək verib

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) martın 11-də Bakıda keçiriləcək III Beynəlxalq Xəzər Enerji Forumunu (Caspian Energy Forum-2015) rəsmi dəstəkləyib. Bu barədə "Report"a tədbirin əsas təşkilatçısı olan Xəzər Avropa Klubundan (Caspian European Club) məlumat verilib.

Klubun icraçı direktoru Telman Əliyevin sözlərinə görə, bu beynəlxalq forumun açılış mərasiminə Azərbaycan prezidenti, "Caspian European Club"un sədri İlham Əliyev dəvət olunub: "Tədbirdə həmçinin Azərbaycan, Xəzər-Qara dəniz, Baltik regionları ölkələrinin dövlət strukturları, nazirlik və qurumların rəhbərləri, Azərbaycanda akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcəklər".

Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz, Baltik regionları ölkələrinin dünya energetika bazarına inteqrasiyasının aspektləri müzakirə ediləcək. Azərbaycanın energetika, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, artan qaz axınları, Cənub Dəhlizi layihələri, Xəzərin resurs potensialı məruzəçilərin və forum iştirakçılarının diqqət mərkəzində olacaq.

İkinci hissədə isə qeyri-neft sektorunun inkişafına həsr olunmuş Xəzər Avropa Forumu keçiriləcək. Burada maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və digər qeyri-neft sektorunun sistemlərinə innovasiyaların yönəldilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması kimi məsələlər müzakirə olunacaq.

"Əlavə olaraq tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyklər və işgüzar naharın təşkili nəzərdə tutulub. Axşam qala-ziyafət çərçivəsində "Caspian Energy Award-2015" mükafatının rəsmi təqdimetmə mərasimi keçiriləcək", - deyə Klubdan bildirilib.

Son xəbərlər

Orphus sistemi