SOCAR prezidenti Türkiyədə səfərdə olub

SOCAR prezidenti Türkiyədə səfərdə olub R.Abdullayev Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb, şirkətin Türkiyədəki layihələrinin gedişi ilə maraqlanıb
Energetika
25 Avqust , 2016 16:47
SOCAR prezidenti Türkiyədə səfərdə olub

Bakı. 25 avqust. REPORT,AZ/ Avqustun 23-24-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyədə səfərdə olublar.

"Report" SOCAR-a istinadən xəbər verir ki, səfər çərçivəsində R.Abdullayev Ankarada TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) konsorsiumunun İdarə Heyətinin iclasında iştirak edib. İclasda layihə üzrə 2016-cı ilin birinci yarısında həyata keçirilmiş işlərin yekunu və qarşıda duran vəzifələr müzakirə olunub. İşlərin gedişi haqqında məlumat dinlənilib və bildirilib ki, kəmərin inşası ilə əlaqədar fəaliyyət plana uyğun surətdə davam etdirilir. 

İclasdan sonra SOCAR-ın prezidenti Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb. O, şirkətin Türkiyədə həyata keçirdiyi layihələr üzrə görülən işlərin hazırkı vəziyyəti haqqında məlumat verib, qarşıdakı mərhələlərdə planlaşdırılan tədbirlərdən danışıb. SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, xüsusilə TANAP, “STAR” neft emalı zavodu, "Petkim" və "Petlim" layihələri çərçivəsində inşaat işlərinin gedişindən məmnunluğunu bildirən nazir bu layihələrin Türkiyə və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Türkiyənin enerji və təbii sərvətlər naziri B.Albayrak SOCAR-ın Türkiyədə ən önəmli investorlardan biri olduğunu nəzərə çatdırıb, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən dəstəkləndiyini və bundan sonra da dəstəklənəcəyini söyləyib. 

SOCAR prezidenti avqustun 24-də İzmirə gedib, şirkətin əsas layihələrinin həyata keçirildiyi Əliağa yarımadasında olub. Əvvəlcə “STAR” neft emalı zavoduna baş çəkən R.Abdullayev inşaat sahələrini gəzib, görülən işlərlə yerində tanış olub. Şirkət prezidentinə məlumat verilib ki, zavodun tikintisi qrafikə uyğun aparılır. Daha sonra "Petkim"in istehsalat sahələrində və "Petlim"də olan R.Abdullayev işlərin gedişi ilə maraqlanıb, ona məruzə olunub ki, işlər normal ahəngi ilə davam edir. SOCAR prezidenti “STAR” NEZ, "Petkim" və "Petlim"də tikinti və istismar işlərinin gedişindən razılığını bildirib, konkret məsələlərlə bağlı menecer heyətinə tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi