SOCAR prezidenti “Şahdəniz -2” layihəsi üzrə işlərin gedişi ilə maraqlanıb

SOCAR prezidenti “Şahdəniz -2” layihəsi üzrə işlərin gedişi ilə maraqlanıb 2017-ci ilin yay aylarında bu tikililərin dənizdə quraşdırılması planlaşdırılır
Energetika
22 Sentyabr , 2016 17:55
SOCAR prezidenti “Şahdəniz -2” layihəsi üzrə işlərin gedişi ilə maraqlanıb

Bakı.22 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qordon Birrell və hər iki şirkət rəhbərliklərinin nümayəndələri ATA (AMEC/Tekfen/Azfen) tikinti-quraşdırma sahəsində olub, “Şahdəniz-2” layihəsi üzrə işlərin gedişi ilə maraqlanıblar.

“Report” xəbər verir ki, “Sahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələri üzrə təqdimat keçirilib. Bildirilib ki, hazırda layihələr üzrə mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti işləri 82% tamamlanıb. İlk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədi ilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə artıq on istismar quyusu qazılıb. Layihə üzrə inşaat işləri ATA tikinti-quraşdırma sahəsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda və boru kəməri marşrutu boyunca qrafikə uyğun davam etdirilir. Səngəçal terminalında əlavə qaz həcmlərinin emalı məqsədi ilə genişləndirilmə işləri aparılır. 2016-cı ilin mayında sualtı konstruksiyaları quraşdırmaq üçün xüsusi olaraq inşa edilmiş “Xankəndi” sualtı tikinti gəmisi Xəzər dənizində suya endirilib.

Şirkət rəhbərləri “Şahdəniz-2” platformalarının üst tikililərinin ATA konsorsiumu tərəfindən inşa edildiyi Bibiheybət ərazisindəki Azfen tikinti-quraşdrıma sahəsinə baxış keçiriblər. Məlumat verilib ki, üst tikililərin paralel olaraq inşası ilə bağlı işlər qrafikə uyğun davam edir və 2017-ci ilin yay aylarında bu tikililərin dənizdə quraşdırılması planlaşdırılır. Hazırda hər iki üst tikili üzrə inşaat işlərinin 93%-i, yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsi üzrə işlərin 98%-i, hasilat və dikborular platformasının göyərtəsi üzrə işlərin isə 91%-i başa çatıb. Eyni zamanda 2016-cı ilin mart ayında başlayan sınaq fəaliyyətlərinin 40%-i həyata keçirilib. 

Qonaqlara CQBK-nın genişləndirilməsi üzrə tikinti işləri haqqında da məlumat verilib. Qeyd olunub ki, bu işlərin 45%-i həyata keçirilib. Azərbaycanda marşrut boyunca təqribən 183 kilometrlik hissədə borular qaynaq edilib,160 kilometrlik hissədə xəndəklərə endirilib. Gürcüstanda 59 kilometrlik hissədə qaynaq işləri görülüb, 42 kilometrlik hissədə borular xəndəklərə endirilib. 

Eyni zamanda qeyd olunub ki, ilk dəfə olaraq, ''Şahdəniz-2'' platformalarının tikintisi bütünlüklə Azərbaycanda həyata keçirilir. Layihələr üzrə tikinti sahələrində minlərlə iş yeri açılıb. Bu vaxtadək bütün əsas müqavilələr üzrə tikinti işlərinə 24 mindən çox insan cəlb edilib və onların 80%-dən çoxu Azərbaycan vətəndaşları olublar.

SOCAR prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell “Şahdəniz -2” layihəsi üzrə görülən işlərin təsdiq olunmuş büdcə daxilində qrafikə uyğun və bir qədər qabaqlamalarla həyata keçirilməsini müsbət qiymətləndirib və inşaatçılara uğurlar arzulayıblar. 

Son xəbərlər

Orphus sistemi