Yuxarı

​SOCAR prezidenti Rövnəq Abdullayev gənclərlə görüşüb

Dövlət Neft Şirkətinin baş ofisində işçilərin 23%-i gənclərdir

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutunda gənclərlə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Dövlət Neft Şirkətində gənclərlə bağlı həyata keçirilən layihələr, təhsil və karyera imkanları, qarşıda duran vəzifələr mövzusunda müzakirələr aparılıb.

Tədbiri giriş sözü ilə açan SOCAR prezidenti gənclərə qarşıda duran planlar və ölkədə aparılan enerji və insan kapitalı siyasəti haqqında məlumat verib. R.Abdullayev tələbələrə TANAP və TAP boru kəmərləri, habelə şirkətin həyata keçirdiyi digər layihələr barədə ətraflı məlumat verib: "Yaxın illərdə inşa olunacaq yeni Neft-Qaz və Neft-Kimya Kompleksinin tikintisi zamanı 15 mindən çox iş yeri açılacaq. Ümumilikdə isə 5 mindən artıq daimi iş yeri açılacaq. Bununla yanaşı, Sumqayıtda tikiləcək Etilen-Polietilen Zavodunun inşasına başlanılıb. Burada tikinti işlərində 3 500 nəfər işlə təmin olunacaq ki, zavod tam istifadəyə veriləndə minlərlə daimi iş yeri olacaq".

Ölkə prezidentinin təhsilə böyük qayğı göstərdiyini deyən SOCAR rəhbəri indiyədək 1 681 nəfərə Şirkətin təqaüdü verildiyini deyib: "2006-cı ildən bu yana 250-dən artıq gənc ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Fransa, Norveç və başqa ölkələrə təhsil almağa göndərilib. Onlardan 199 nəfəri geri qayıdıb SOCAR-da işləyirlər. İndiyə qədər ARDNŞ-nin 5 Təlim Tədris mərkəzlərində 41 min nəfər ixtisasartırma kursları, 1 055 nəfər isə peşə hazırlığı kurslarında təhsil alıb. Şirkət kadr potensialının genişləndirilməsində zamanla ayaqlaşa bilən gəncləri öz sırasına cəlb edir. Burada fəhlə kadrlarının hazırlamasına da böyük önəm verilir. Ümumlikdə 1 681 tələbə SOCAR-ın təqaüdünü alıb".

Dövlət Neft Şirkətinin kadr siyasətində gənclərə üstünlük verildiyini deyən R.Abdullayev qeyd edib ki, Şirkətin baş ofisindəki işçilərin 23%-ni gənclər, ümumilikdə isə SOCAR-ın işçilərinin 43,7%-ni yaşı 35-dən aşağı olan şəxslər təşkil edir.

Sonra çıxış edən SOCAR-ın İnsan resursları Departamentinin rəhbəri Asif Bəkirlinin sözlərinə görə, Şirkət təqaüdlərinin seçim mərhələsi gənclərin ciddi marağına səbəb olub: "Ümumilikdə SOCAR təqaüdləri üçün 17 seçim olub ki, burada 13 mindən çox tələbə iştirak edib. İşə qəbul prosesində, həmçinin mənzil növbəsinə durma prosesində SOCAR təqaüdçülərinə, yaxud SOCAR-ın hesabına xaricdə oxuyanlara güzəşt olunur. İndiyədək 161 nəfər SOCAR təqaüdçüsü işə qəbul edilib".

Tədbirin sonunda "SOCAR Yay Məktəbi-2014" layihəsində I yeri qazanan qalib komandanın üzvlərinə sertifikatlar verilib və Şirkətin təqaüdünə birinci dəfə layiq görülən tələbələrə plastik bank kartları təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi