Yuxarı

​SOCAR prezidenti Oğuzda Böyük Söyüdlü kəndinə təbii qazın verilməsi mərasimində iştirak edib

Rövnəq Abdullayev tədbirdə çıxış edib

Bakı. 22 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Oğuz rayonunun Böyük Söyüdlü kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə keçirilən mərasimdə iştirak edib.

"Report" xəbər verir ki, tədbirdə Oğuz rayonu icra hakimiyyəti başçısının, SOCAR rəhbərliyi təmsilçilərinin, “Azəriqaz” İstehsalat Birliyinin və rayon ictimaiyyəti nümayəndələri iştirak edib.

Bildirilib ki, 271 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 11 min 630 metr təşkil edən müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandıran Rövnəq Abdullayev kənd sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edib. Son illər prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkənin hər yerində qaz təchizatı sisteminin genişləndirilməsi və yenidən qurulması istiqamətində görülən işlərin böyük vüsət aldığını söyləyən Rövnəq Abdullayev kənd və qəsəbələrin qazlaşdırılması proqramının uğurla həyata keçirildiyini bildirib. Ölkə üzrə yaşayış məntəqələrinin sürətli templərlə qazlaşdırılmasının əhalinin rifah halının yüksəldilməsinə, insanların daha firavan yaşamalarına qulluq etdiyini vurğulayan SOCAR prezidenti bu istiqamətdə görülən məqsədyönlü işlərin bundan sonra da davamlı şəkildə həyata keçiriləcəyini söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi