Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, R.Abdullayev son zamanlar Azərbaycanla İran arasında münasibətlərin iqtisadiyyatın müxtəlif sahələrində daha da genişlənməsi, xüsusilə iki ölkənin neft-qaz sektoruna daxil olan şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoqun intensivləşməsini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib.
SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev iki dövlətin neft sənayesi mütəxəssisləri arasında yaranmış həmkar münasibətlərinin daha da dərinləşməsinin vacibliyini bildirib. İranın neft nazirinin müavini Azərbaycana “Bakı 2015” I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə gəldiklərini deyərək, bu böyük tədbirin Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
SOCAR prezidenti Bakının bu il Avropa Oyunlarına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini Azərbaycanın dünyada bir idman ölkəsi kimi yüksək mövqe qazanmasının bariz təzahürü kimi qiymətləndirib.
Nazir müavini İran şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda göstərdikləri səmərəli fəaliyyət üzərində xüsusi dayanaraq, iki qonşu ölkənin bu sahədə zəngin təcrübəyə malik olduqlarını və həmin təcrübənin ölkələr arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratdığını ifadə edib.
R.Abdullayev iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu deyib, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirib.

