Yuxarı

​SOCAR prezidenti: "Azərbaycanın Gürcüstanı 2030-cu ilədək "mavi yanacaq"la təmin etməsində heç bir problem olmayacaq"

Energetika naziri Kaxa Kaladzenin sözlərinə görə, Azərbaycan Gürcüstana çox böyük güzəştlər edib

Tbilisi. 4 mart. REPORT.AZ/ Azərbaycanla Gürcüstan arasında yeni imzalanan müqavilələrlə Azərbaycanın Gürcüstanı 2030-cu ilə qədər "mavi yanacaq"la təmin etməsində heç bir problem olmayacaq.

"Report" xəbər verir ki, bunu bu gün Tbilisidə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında qaz nəqli ilə bağlı imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. O qeyd edib ki, Azərbaycan tərəfi Gürcüstanı qazla təmin edə biləcək.

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze isə bildirib ki, Gürcüstanın əlavə qazla təmin olunması istiqamətində bir sıra mühüm addımlar atılıb: "Bu addımlardan biri də Azərbaycan tərəfinin köməyi ilə Gürcüstanın qaz təminatının ödənilməsidir. SOCAR texniki problemləri uğurla həll edib və Gürcüstana əlavə 500 mln. kubmetr qaz verməsinə nail olunub".

Nazir qeyd edib ki, alınan qazın qiyməti xüsusi düsturla müəyyən olunacaq: "Dünya bazarında neftin və neft məhsullarının qiymətinin artıb-azalmasına uyğun olaraq, qazın qiyməti həmin düstur əsasında hesablanacaq". O, həmçinin əlavə edib ki, SOCAR Gürcüstanda qazla işləyən yanacaqdoldurma məntəqələrində qiymətləri 35-40 dollar endirəcək.

K.Kaladze əlavə edib ki, SOCAR Gürcüstanda bir sıra uğurlu layihələr həyata keçirir, yanacaqdoldurma məntəqələri tikir. O, göstərilən bütün köməyə, verilən dəstəyə görə Azərbaycan hökumətinə, SOCAR-a minnətdarlığını bildirib və qeyd edib ki, bu, bir daha Azərbaycanın Gürcüstana dostluq, qardaşlıq münasibətinin bariz nümunəsidir.

K.Kaladzenin sözlərinə görə, Azərbaycan Gürcüstana çox böyük güzəştlər edib: "Şahdəniz 2" layihəsi 2018-2019-cu illərdə başa çatdıqdan sonra Gürcüstan daha çox həcmdə mavi yanacaq ala biləcək. Azərbaycan-Gürcüstan əlaqələri daha da inkişaf edəcək".

R.Abdullayev birgə əməkdaşlığa, Azərbaycana verilən qiymətə və enerji sahəsindəki əməkdaşlığa görə Gürcüstan hökumətinə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan da bu əməkdaşlığın inkişafında maraqlıdır: "Əməkdaşlığımız bundan sonra da inkişaf edəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi