"SOCAR Polymer" şirkətinin rəhbəri Azərbaycanın neft-kimya sənayesinin inkişaf planlarından danışıb

"SOCAR Polymer" şirkətinin rəhbəri Azərbaycanın neft-kimya sənayesinin inkişaf planlarından danışıb "SOCAR GPC" layihəsi Azərbaycanın Qaradağ rayonunda iri neft-kimya zavodunun tikintisini nəzərdə tutur
Energetika
6 Aprel , 2017 17:52
SOCAR Polymer şirkətinin rəhbəri Azərbaycanın neft-kimya sənayesinin inkişaf planlarından danışıb
Report.az

Moskva. 6 aprel. REPORT.AZ/ "SOCAR Polymer"in nümayəndə heyəti Moskvada "Rusiya və MDB-nin neft kimyası" beynəlxalq konfransında iştirak edib.

"Report"un Rusiya bürosunun məlumatına görə, konfransda çıxış edən "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərov dünyada neft-kimya sektorunun qlobal artımından və bu sahənin Azərbaycandakı inkişafından danışıb. O, həmçinin dəyəri 4 milyard dollardan çox olan "SOCAR GPC" layihəsinə toxunub.

Layihə Azərbaycanın Qaradağ rayonunda iri neft-kimya zavodunun tikintisini, o cümlədən buxar krekinqi və polimerləşmə blokunun quraşdırılmasını nəzərdə tutur. Fərid Cəfərov bu layihənin üstünlükləri, o cümlədən Azərbaycan tərəfindən verilən dövlət təminatı haqqında danışıb.

"SOCAR zavodun hazır məhsullarının tam həcmlə reallaşacağına zəmanət verir. Bu isə təqribən 610 min ton etilen və 130 min ton propilen deməkdir. Məhsulun 50%-i Türkiyəyə ixrac olunacaq. Digər hədəf bazarları Qərbi və Mərkəzi Avropa ölkələri, Çin, Rusiya və Azərbaycandır. Hazırda SOCAR bu layihə üçün sponsorlar və podratçılar seçir" - F.Cəfərov bildirib.

Layihə konfrans iştirakçılarını da maraqlandırıb və onlar "SOCAR Polymer" şirkəti ilə əməkdaşlıq etmək istədiklərini bildiriblər. Layihəyə böyük maraq olduğunu "SOCAR Polymer"in baş direktorunun hesabatını təqdim etməsindən sonra onun qarşısında yaranmış insan sıxlığı da göstərib. Lakin F.Cəfərov danışıqların detallarını açıqlamayıb. O, sadəcə, jurnalistlərə açıqlamasında söyləyib ki, bu ilin noyabr ayında Bakıda neft-kimya üzrə beynəlxalq konfrans keçiriləcək və orada bu layihə və "SOCAR Polymer"in digər layihələri barədə daha ətraflı məlumat veriləcək.

"Konfrans iştirakçılarını platformamıza gətirəcəyik və onlara Azərbaycan şəraitində layihələri necə həyata keçirdiyimizi göstərəcəyik. Belə konfranslar sənaye iştirakçılarını bir yerə topladığından çox xeyirlidir: aktual problemləri müzakirə edirik, informasiya və təcrübə mübadiləsi aparırıq", - "SOCAR Polymer" şirkətinin baş direktoru söyləyib.

Qeyd edək ki, "Rusiya və MDB-nin neft kimyası" beynəlxalq konfransı bu sahədə ən böyük illik tədbirlərdən biridir. Bu il Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi və Rusiyanın ən böyük neft-kimya holdinqi olan "Sibur" şirkətinin dəstəyi ilə Moskvaya dünyanın müxtəlif bölgələrindən sahənin 300 ən qabaqcıl və nəhəng şirkəti toplaşıb. Konfransda enişli-yoxuşlu dövrdə strateji planlaşdırma məsələləri, neft-kimya layihələrinin maliyyələşdirilməsi, sahəyə qabaqcıl texnologiyaların tətbiqi məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi