“SOCAR Polymer” beynəlxalq Xəzər enerji forumunun rəsmi tərəfdaşı olub

“SOCAR Polymer” beynəlxalq Xəzər enerji forumunun rəsmi tərəfdaşı olub Fərid Cəfərov: "Bundan sonra da CEİBC-nin təşkil etdiyi tədbir və biznes-forumların bir hissəsi olmağa hazırıq"
Energetika
7 Aprel , 2017 14:14
“SOCAR Polymer” beynəlxalq Xəzər enerji forumunun rəsmi tərəfdaşı olub

Bakı. 7 aprel. REPORT.AZ/ “SOCAR Polymer” MMC aprelin 12-də Bakıda keçiriləcək IV Beynəlxalq "Caspian Energy Forum-2017"nin (www.caspianenergyforum.com) tərəfdaşı olub.

Bu barədə “Report”a “Caspian European Club”dan bildirilib.

“SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov rəhbərlik etdiyi şirkətin “Caspian Energy Forum-2017” kimi irimiqyaslı tədbirin tərəfdaşı olmaqdan məmnun olduğunu bildirib. “Forumda ölkədə həyata keçirilən iqtisadi islahatların öz əksini tapdığını görəcəyimizi gözləyirik. Bu məsələ forumun birinci sessiyasında müzakirə olunacaq. Biz “Caspian European Club”un fəaliyyətini yüksək qiymətləndirir və bundan sonra da CEİBC-nin təşkil etdiyi tədbir və biznes-forumların bir hissəsi olmağa hazırıq. Öz ixrac imkanlarını inkişaf etdirmək niyyətində olan bir şirkət kimi bizə biznesin həm yerli, həm də əcnəbi nümyəndələrini dinləmək, həmçinin dünyanın müxtəlif ölkələrindən olan xarici şirkətlərin rəhbərləri ilə ünsiyyət qurmaq çox maraqlı olacaq”, - deyə o əlavə edib.

“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev klubun tədbirlərində fəal iştirakına və göstərdiyi dəstəyə görə “SOCAR Polymer” MMC şirkətinə minnətdarlığını bildirib. O, bugünkü əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb.

“SOCAR Polymer” MMC dövlət-özəl sektor əməkdaşlığı əsasında yaradılmış neft-kimya şirkətidir. Layihə Sumqayıt Kimya Sənaye Parkı ərazisində ildə 200 min ton polipropilenvə 120 min ton yüksək sıxlıqlı polietilen istehsalı üzrə iki zavodun inşasını nəzərdə tutur. Polipropilen istehsalına 2018-ci ilin I rübündə, yüksək sıxlıqlı polietilen istehsalına isə 2018-ci ilin III rübündə başlanılacaq. İstehsalat həcminin 70%-i Avropaya, Türkiyəyə və Rusiyaya ixrac olunacaq. İstehsalatın yerdə qalan hissəsinin isə yerli bazarda idxalın əvəz olunmasına yönəldilməsi planlaşdırılır.

“Fikrimizcə, burada mühüm məqam “Caspian Energy Forum-2017”də Azərbaycan Prezidenti, “Caspian European Club” və “Caspian American Club”un sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatları dəstəkləyən və bu prosesdə fəal iştirak edən hökumət nümayəndələrinin, nəhəng şirkət və təşkilat rəhbərlərinin iştirakıdır. Biz Azərbaycan Prezidenti Administrasiyasına, xahişimizi müsbət cavablandıran və iqtisadi islahatların ilkin nəticələrinə həsr olunmuş forumun işinə qatılmağa, həmçinin Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan şirkətləri narahat edən problem, məsələ və təkliflərin müzakirəsində spiker və iştirakçı qismində çıxış etməyə razılıq verən bütün hökumət üzvlərinə və Milli Məclisin deputatlarına, nazirlərə, dövlət komitələrinin, dövlət agentliklərinin və dövlət şirkətlərinin rəhbərlərinə təşəkkür edirik” - T.Əliyev vurğulayıb.

Qeyd edək ki, “Caspian Energy Forum-2017”yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə, forumun işində 50 ölkədən 500 deleqat iştirak edəcək.

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi