​SOCAR: Podratçıların təyin edilməsi ilə bağlı satınalma prosedurlarına daim ciddi əməl edilir

​SOCAR: Podratçıların təyin edilməsi ilə bağlı satınalma prosedurlarına daim ciddi əməl edilir "SOCAR-ın Satınalmalar Siyasəti və podratçıların təyin edilməsi qaydaları tam şəffafdır"
Energetika
20 İyul , 2016 15:07
​SOCAR: Podratçıların təyin edilməsi ilə bağlı satınalma prosedurlarına daim ciddi əməl edilir

Bakı. 20 iyul. REPORT.AZ/ "SOCAR-ın Satınalmalar Siyasəti və podratçıların təyin edilməsi qaydaları tam şəffafdır və şirkətin veb səhifəsində dərc edilib".

"Report" xəbər verir ki, bu, son həftələrdə kütləvi informasiya vasitələrində səslənən suallar və yaranmış anlaşılmazlıqları nəzərə alaraq, SOCAR-ın satınalma prosedurları ilə bağlı yaydığı bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, SOCAR bütün layihələrində Satınalmalar Siyasətinə riayət edir. "Müstəqil auditorlardan olan KPMG şirkəti öz hesabatında SOCAR-ın müvafiq qanunvericiliyin tələblərinə tam cavab verən satınalma standartlarını hazırlayıb, tətbiq etdiyini təsdiqləyib [http://www.socar.az/1/report-en.pdf].

Qeyd etmək lazımdır ki, müxtəlif inşaat layihələri çərçivəsində başqa qurumlarla "Tekfen" və "Azfen" şirkətləri arasında müqavilələr bağlanıb. Lakin bəzi media qurumları bu müqavilələri yalnışlıqla SOCAR-a aid etməkdədir. BP şirkəti tərəfindən idarə olunan Cənubi Qafqaz Boru Kəməri layihəsinin konsorsiumu ilə "Azfen" arasında olan və yalnışlıqla SOCAR-a aid edilən əməkdaşlığı buna misal gətirmək olar".

Bəyanatda qeyd olunub ki, SOCAR özünün Satınalmalar Siyasətində əks olunan tender prosedurlarına ciddi şəkildə riayət edir. "SOCAR-ın "Tekfen" şirkəti ilə əməkdaşlığa aid qərarlar bütün qiymətləndirmə meyarlarına cavab verən rəqabətədavamlı tender təkliflərinin əsasında verilib. SOCAR podratçı şirkətləri ümumi iş təcrübəsi, SOCAR-la olan əməkdaşlıq təcrübəsi, əməliyyat imkanları və səriştəsi əsasında müəyyən edir. Bununla yanaşı, SOCAR yerli və strateji biznes tərəfdaşlarına dəstək öhdəliklərini də nəzərə alır.

Bəzi yazılarda Global Witness təşkilatının köhnə hesabatına istinad göstərilir, halbuki SOCAR sözügedən hesabatda qaldırılan bütün sualların cavabını xüsusi bir veb-səhifədə cavablandırıb. (www.azerbaijananonymousexplained.com).

Bütün kütləvi informasiya vasitələrini SOCAR-la bağlı hər hansı bir məlumatı yayımlamaqdan öncə bizimlə əlaqə qurub, məlumatları dəqiqləşdirməyə dəvət edirik", - deyə, bəyanatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi