Yuxarı
    Bağlamaq

    “SOCAR Petroleum”:“Yanacaq növlərinin keyfiyyətinə səlahiyyətli dövlət qurumlarının laboratoriya sınaqları vasitəsilə nəzarət olunur”

    Yanacaqpaylayıcı kalonkaların tapançaları hər üç aydan bir dövrü yoxlamalardan keçir

    Bakı. 30 may. REPORT.AZ/ “SOCAR Petroleum” QSC-dən ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində (YDM) yanacağın kəmiyyəti və keyfiyyəti ilə bağlı bəzi KİV-lərdə yer alan iddialara aydınlıq gətirilib.

    “Report” xəbər verir ki, YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcminin monitorda göstərildiyindən 1-2 litr az olması ilə bağlı iddiaya “SOCAR Petroleum”dan bildirilib ki, göstərilən fərq YDM-lərdə istismar olunan texniki qurğuların göstəricisi və aparılan dövri yoxlamalar zamanı öz əksini tapmır: “Yanacaqdoldurma məntəqələrində istismar olunan sayğacların dəqiqliyi +-0,25% təşkil edir. Hər bir müştəri bunu SOCAR yanacaqdoldurma məntəqələrində olan Nümunəvi Ölçü Qabında test aparmaqla yoxlaya bilər”.

    Yanacaqdoldurma məntəqəsində vurulan yanacağın həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermədiyi ilə bağlı iddiaya isə qurumdan bildirilib ki, “SOCAR Petroleum” QSC-nin balansında olan mexaniki və həndəsi ölçmə vasitələrinin (yanacaqpaylayıcı kalonkaların tapançaları, nümunəvi ölçü qabları, manometrlər, metroştoklar, ruletka, lotlu ruletka, areometrlər və s.) kalibrlənməsi işləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə Sınaq Mərkəzinin (AzTEST) mütəxəssisləri tərəfindən yüksək dəqiqliklə həyata keçirilir: “Bununla da yanacaqdoldurma məntəqələrimizdə yanacağın kəsilməsindən söhbət gedə bilməz. Bir daha bildiririk ki, yanacaqpaylayıcı kalonkaların tapançaları hər üç aydan bir dövrü yoxlamalardan keçir. Hər zaman qeyd emişik, indi də qeyd edirik ki, bununla bağlı narazılığı olan şəxslər məntəqəmizə yaxınlaşa bilərlər. Şikayətçinin iştirakı ilə istənilən tapançanı yoxlamağa hazırıq. Amma təəssüflər olsun ki, bu məsələni dəfələrlə elan etməyimizə baxmayaraq heç kim bizə müraciət etməyib”,-QSC-dən qeyd olunub.

    Avtomobillərin "forsunka"sının tez sıradan çıxmasının benzinlə əlaqədar olması ilə bağlı qeyd olunanlara "SOCAR Petroleum"dan bildirilib ki, şirkətə məxsus yanacaqdoldurma məntəqələrində satışı həyata keçirilən bütün yanacaq növləri hər ay Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Neft-qaz və neft-kimya məhsullarının Sınaq Laboratoriyasında yoxlanılır və nəticə göstəriciləri ilə bağlı sınaq protokolu təqdim edilir: “Beləliklə, yanacaq növlərinin keyfiyyətinə mütəmadi olaraq səlahiyyətli dövlət qurumları tərəfindən aparılan laboratoriya sınaqları vasitəsilə nəzarət olunur. Bu günə qədər laborator sınaqlar nəticəsində heç bir oktan dəyişikliyi qeydə alınmayıb. İlk növbədə müştərilər avtomobillərinə istehsalçının tövsiyyə etdiyi yanacaqdan istifadə etməlidirlər. Avtomobilin yanacaq sisteminə də periodik texniki baxış keçirilməlidir. Bir çox modellərdə 20000 km-dən bir forsunkalar yuyulmalı və filtrlər yenilənməlidir. Təəssüf ki, bir çox avtomobil sahibləri bu baxışları həyata keçirmirlər və günahı yanacaqda görürlər. Bunlar olmadıqda təbii ki, avtomobillərdə texniki nasazlıqlar baş verəcək”.

    Ölkədə fəaliyyət göstərən heç bir yanacaqdoldurma məntəqəsində “menzurka” (nümunəvi ölçü qabları) olmadığı ilə bağlı iddialara gəlincə isə qeyd olunub ki, “SOCAR Petroleum”a məxsus yanacaqdoldurma məntəqələrinin hər birində nümunəvi ölçü qabları mövcuddur: “Vətəndaşın yalnız hər hansı şübhəsi və ya narazılığı olarsa yanacaq kolonkasının yoxlanılmasını tələb edə bilər. Menzurkalar hər sifarişə uyğun deyil, 10 litr və 20 litr həcmə malik olur”.

    Uzun şlanqların içərisində qalan benzinin avtomobilin çəninə deyil, geri qayıtması iddiasına isə qurumdan bildirilib ki, “SOCAR Petroleum” QSC-ə məxsus yanacaqdoldurma məntəqələri Yaponiya istehsalı olan “Tatsuno” yanacaqpaylayıcı kalonkalar ilə təchiz edilib: “Şlanqların uzunluğu istehsalçı tərəfindən beynəlxalq norma və standartlara uyğun tənzimlənir. Bütün yanacaqpaylama kolonkalarımızda yanacaq şlanqının uzunluğu 5,4 metrdir. Yanacaq xətti üzərində 4 müxtəlif yerdə əks klapanlar var. Onlardan ikisi şlanqın iki müxtəlif əks tərəflərində yerləşir. Satış üçün operator avtorizasiya olunmayıbsa klapanın açılması mümkün deyil. Satış olmadıqda isə yanacağın əksinə axması əks klapanlar hesabına mümkün olmayacaq. Ümumiyyətlə, YDM-dəki yanacaq xəttində hava olması mümkün deyil. Bu halda sızıntı detektorları işə düşər və yanacağın verilməsi, sayğacların işləməsi bloklanar”,-QSC-dən bildirilib.

    “SOCAR Petroleum”dan bildirilib ki, hazırda “Super” və “Premium” markalı yanacaqlar xaricdən idxal olunur və tələbat fasiləsiz olaraq təmin olunur. SOCAR brendli yanacaqdoldurma məntəqələrində xaricidən idxal olunan “Super”, “Premium” və yerli istehsal olunan “A-92”, “Dizel” və LPG neft məhsullarının satışı həyata keçirilir.

    Hazırda avtomobil çənlərinə benzin əvəzinə hava vurulması, benzinin nəzərdə tutulan təzyiqdən çox vurulanda havanın da daxil olması ilə bağlı iddiaya isə “SOCAR Petroleum”dan bildirilib ki, yüksək sürətlə yanacağın vurulması zamanı ölçmə dəqiqliyi qətiyyən dəyişmir. Yüksək sürətə görə havanın benzinə qarışması isə ümumiyyətlə mümkün deyil”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi