SOCAR Novorossiysk limanından ixracı ikiqat artırıb

SOCAR Novorossiysk limanından ixracı ikiqat artırıb Ötən ay 170 min ton xam neft ixrac edilib
Energetika
1 Sentyabr , 2016 18:01
SOCAR Novorossiysk limanından ixracı ikiqat artırıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin avqust ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 169 702 ton xam neft ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu həcm ötən ilin avqust ayından ikiqat artıqdır.

Ümumilikdə, yanvar-avqust ayları ərzində Novorossiysk limanından 728 768 ton xam neft nəql edilib ki, bu həcm də ötən ilin müvafiq dövründən 22% azdır.

Qeyd edək ki, SOCAR martın 1-dən etibarən Novorossiysk istiqamətində neft nəqlini bərpa edib. Azərbaycan neftinin 2016-cı ildə Bakı-Novorossiysk kəməri ilə nəqli barədə saziş "Transneft" və SOCAR arasında bu ilin fevralın sonunda rəsmiləşdirilib.

Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi