SOCAR martda Bakı-Novorossiysk kəməri ilə 80 min ton neft ixrac edəcək

SOCAR martda Bakı-Novorossiysk kəməri ilə 80 min ton neft ixrac edəcək Bu il şimal marşrutu ilə neftin nəqli planlaşdırılmış miqdardan 100 min ton az olacaq
Energetika
4 Mart , 2016 10:28
SOCAR martda Bakı-Novorossiysk kəməri ilə 80 min ton neft ixrac edəcək

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) martın 1-dən etibarən Novorossiysk (Qara dəniz, Rusiya) istiqamətində neft nəqlini bərpa edib. Bu barədə "Report"a şirkətdən bildirilib.

Mart ayında Bakı-Novorossiysk boru kəməri vasitəsi ilə 80 min ton həcmində xam neftin nəqli nəzərdə tutulub.

Şirkətdən qeyd olunub ki, Bakı-Novorossiysk boru kəməri vasitəsilə nəqlin mart ayından başlaması ilə əlaqədar bu marşrut ilə 2016-cı il ərzində planlaşdırılmış miqdardan 100 min ton az neft nəql olunacaq: "Azərbaycan neftinin 2016-cı ildə Bakı-Novorossiysk kəməri ilə nəqli barədə saziş "Transneft" və SOCAR arasında 2016-cı ilin fevral ayının sonunda rəsmləşdirilib. "Transneft" şirkəti ilə şaziş bağlanana qədər SOCAR neftinin həcmləri Bakı-Tbilisi-Ceyhan boru kəmərinə yönləndirilib. Bununla, SOCAR neftinin illik ixrac proqramında azalma olmayıb".

Qeyd edək ki, Bakı-Novorossiysk neft kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Qara dənizin Novorossiysk limanına Rusiya ərazisindən keçməklə nəql olunur. Azərbaycan neftinin Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunması haqqında müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Ötən il Bakı-Novorossiysk boru kəməri ilə 1,2 mln. ton, 2014-cü ildə 1 mln. ton, 2013 -cü ildə 1,75 mln. ton neft nəql olunub. 2016-cı ildə isə bu kəmərlə 1,5 mln. ton neft nəqli nəzərdə tutulurdu.

Son xəbərlər

Orphus sistemi