Yuxarı

​SOCAR köhnə yataqlarda hasilatı artırmaq üçün yeni üsullar üzərində işləyir

SOCAR yenidən quruda axtarış işlərinə başlayacaq

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Neftvermə əmsallarının artırılması üzrə yeni üsullar var. Bu üsullar üzərində işləyərək köhnə yataqlarda hasilatı artırmaq istəyirik". "Report" xəbər verir ki, bunu Xəzər-Avropa Klubunun üzvləri ilə görüşdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə jurnalistlərə bildirib.

O qeyd edib ki, SOCAR yenidən quruda axtarış işlərinə başlayacaq. X.Yusifzadə qurudakı yataqlardan 1 mlrd. ton neft hasil olunduğunu, ehtiyatların yarısının yerin altında olduğunu bildirib. Onun sözlərinə görə, yeni üsullar vasitəsilə köhnə yataqlarda neft hasilatı arta bilər:

"Bildiyiniz kimi, Mezozoy çöküntülərində çoxlu işlər aparılır. Hazırda yeni texnika və texnologiya ilə quruya qayıtmaq istəyirik. Xarici şirkətlərlə də müqavilələr imzalanıb. Hazırda tədqiqat aparırıq ki, gələcəkdə Mezozoy çöküntülərində kəşfiyyat işlərinə başlayaq".

O qeyd edib ki, son illərdə kəşf olunan yataqlar qaz-kondensat yataqlarıdır: "Baxmayaraq ki, burada da müəyyən həcmdə kondensat var, amma neft hasilatının səviyyəsini saxlamaq üçün yeni yataqlar kəşf olunmalıdır. Dənizdə axtarış kəşfiyyat işləri 6-7 min metr dərinlikdə aparılır. Bu dərinliklərdə isə əsasən qaz kondensat yatağı yerləşir. Orada neft yataqlarının kəşfi mürəkkəb məsələdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi