​SOCAR işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil olunacaq

​SOCAR işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil olunacaq Almaniyanın "E.ON" şirkətinin əməkdaşlarının uşaqları üçün isə Azərbaycanda yay düşərgəsi təşkil ediləcək
Energetika
7 Aprel , 2015 18:08
​SOCAR işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil olunacaq

Bakı. 7 aprel. REPORT.AZ/ Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarının uşaqları üçün Almaniyanın müxtəlif şəhərlərində 15 günlük yay düşərgəsi təşkil olunacaq. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu məqsədlə müsabiqə elan edilib və 32 nəfərin müraciəti qəbul olunub. Müsabiqə şəffaflıq və obyektivlik prinsipləri əsasında elektron test imtahanı yolu ilə keçirilib və seçimdə qalib gəlmiş ilk 20 nəfər müəyyən olunub. İnsan resursları Departamentində bununla bağlı yay düşərgəsinin iştirakçısı hüququnu qazanmış 20 uşaq və onların valideynləri ilə görüş keçirildiyi və görüşdə İRD-nin rəisi Asif Bəkirlinin yay düşərgəsinin proqramı və qarşıda duran məsələlər barədə məlumat verdiyi açıqlanıb.

Müsabiqə qalibləri Almaniyanın Düsseldorf və Münhen şəhərləri boyunca tarixi abidələrlə tanış olacaq, universitetlərə baş çəkəcək, əyləncə mərkəzlərində istirahət edəcəklər. Uşaqlar üçün BMW mərkəzi və müzeyinə, "Bayern Munich" futbol klubunun müzeyinə və bazasına, o cümlədən Olimpiya Stadionuna ekskursiya təşkil olunacaq.

Bununla yanaşı cari ilin iyul-avqust aylarında Almaniyanın "E.ON" şirkətinin əməkdaşlarının uşaqları üçün Azərbaycanda yay düşərgəsi təşkil olunacaq. Almaniyalı uşaqlar Şirvanşahlar sarayına, Qız qalasına, Qobustan qoruğuna, Atəşgah məbədinə, yeni Olimpiya stadionuna, "Kristal" sarayına baş çəkəcək, Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz şəhərlərinə səfər edəcəklər.

Xatırladaq ki, 2013-cü il sentyabrın 19-da SOCAR və "E.ON" şirkətləri uzunmüddətli əməkdaşlıq üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsini imzalayıb.

Müqaviləyə əsasən, SOCAR və "E.ON" şirkəti əməkdaşlarının 12-13 yaşlı uşaqları üçün Azərbaycanın və Almaniyanın müxtəlif şəhərlərində yay düşərgələri təşkil edilir. 2014-cü ilin iyul ayında Düsseldorf şəhərində ilk dəfə SOCAR əməkdaşlarının uşaqları üçün 15 günlük yay düşərgəsi təşkil olunub.

Son xəbərlər

Orphus sistemi