SOCAR-ın yeni təyin edilmiş vitse-prezidentlərinin təqdimolunma mərasimi keçirilib

SOCAR-ın yeni təyin edilmiş vitse-prezidentlərinin təqdimolunma mərasimi keçirilib SOCAR prezidenti şirkətin daim təkmilləşəcəyini, idarəetmə aparatının müasir tələblərə uyğunlaşdırılacağını söyləyib
Energetika
19 Aprel , 2016 19:24
SOCAR-ın yeni təyin edilmiş vitse-prezidentlərinin təqdimolunma mərasimi keçirilib

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün SOCAR-ın yeni vitse-prezidentlərinin təqdimolunma mərasimi keçirilib. "Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 17 mart 2016-cı il tarixində “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” müvafiq fərman imzalayıb. Fərmanla SOCAR-ın idarəetmə strukturunda birinci vitse-prezident, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə, geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə vitse-prezident ştatlarının yaradılmasına qərar verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli sərəncamları ilə yeni yaradılmış birinci vitse-prezident vəzifəsinə akademik Xoşbəxt Yusifzadə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsinə Rəhman Qurbanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezident vəzifəsinə Bəhram Hüseynov, yataqların işlənməsi üzrə vitse-prezident vəzifəsinə isə Yaşar Lətifov təyin olunub.

Rövnəq Abdullayev yeni təyin olunmuş vitse-prezidentlərin əmək fəaliyyətindən danışıb, onların SOCAR-da böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadrlar olduğunu vurğulayıb. Şirkətin həyata keçirdiyi layihələrə, planlaşdırdığı genişmiqyaslı tədbirlərə toxunan SOCAR prezidenti şirkətin əldə etdiyi nailiyyətlərlə kifayətlənməyəcəyini, daim təkmilləşəcəyini, idarəetmə aparatının müasir tələblərə uyğunlaşdırılacağını söyləyib, dövlət başçısını əmin edib ki, neftçilər hər zaman olduğu kimi yenə də onlara bəslənən inam və etimadı öz işləri ilə doğruldacaqlar. O, yeni təyin olunmuş birinci vitse-prezident akademik Xoşbəxt Yusifzadəni, vitse-prezidentlər Rəhman Qurbanovu, Bəhram Hüseynovu və Yaşar Lətifovu təbrik edərək, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd edib və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulayıb. 

Son xəbərlər

Orphus sistemi