SOCAR-ın yanacaqdoldurma məntəqəsində avtomobillərin diaqnostika köşkü quraşdırılıb

SOCAR-ın yanacaqdoldurma məntəqəsində avtomobillərin diaqnostika köşkü quraşdırılıb Diaqnostika üçün xidmət haqqı 10 manat müəyyən edilib
Energetika
22 Noyabr , 2016 14:42
SOCAR-ın yanacaqdoldurma məntəqəsində avtomobillərin diaqnostika köşkü quraşdırılıb

Bakı. 22 noyabr. REPORT.AZ/ “SOCAR Petroleum” QSC-nin “CarDoctor” ilə əməkdaşlığı çərçivəsində Bakıda yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində (YDM) “CarDoctor-Selfservice” ilk özünəxidmət avtomobillərin diaqnostika köşkü fəaliyyətə başlayıb.

“SOCAR Petroleum”dan “Report”a verilən məlumata görə, ilk köşk Bakı-aeroport yolu istiqamətində yerləşən “SOCAR Petroleum” QSC-yə məxsus 2 saylı YDM-də istifadəyə verilib.

Bu pilot layihə əsasında diaqnostika köşkü gələcəkdə SOCAR-ın bütün yanacaqdoldurma məntəqələrində quraşdırılacaq.

Avtodiaqnostika cihazı 400 modeldən çox minik və yük avtomobilləri üçün nəzərdə tutulub. Köşk hazırda nağd pul qəbul edir, lakin gələcəkdə kontaktsız bank kartları və mobil telefonlar üzərindən də ödəniş etmək mümkün olacaq. Eyni zamanda, köşklər nəqliyyat vasitələrinin texniki pasportlarının skaneri ilə təchiz olunacaq.

“Köşk vasitəsilə avtomobillərdə ortaya çıxacaq texniki nasazlıqların yerindəcə sürücülərə təqdim olunması və nəqliyyat vasitələri sahiblərinin rahat şəkildə öz yollarına davam etməsi mümkün olacaq. Belə ki, avtomobildə ortaya çıxacaq texniki nasazlıqlar haqqında məlumat dərhal aşkar edilir, silinir və çap olunaraq avtomobil sahibinə çatdırılır. Bununla da avtodiaqnostika terminalı avtomobil sahibinə müstəqil olaraq öz nəqliyyat vasitəsini ilkin müayinə etmək imkanı yaradır” - məlumatda qeyd olunub.

Diaqnostika üçün xidmət haqqı 10 manat müəyyən edilib. Lakin bu ilin sonuna qədər xidməti test etmək istəyən sürücülərə 50%-lik endirim təqdim olunur.

Bildirilib ki, yeniliyin ilk dəfə Azərbaycanda tətbiq olunduğunu nəzərə alaraq, terminal artıq Rusiya, Ukrayna, Gürcüstan, BƏƏ və Almaniyadan olan iş adamlarının da marağına səbəb olub.

Son xəbərlər

Orphus sistemi