SOCAR-ın vitse-prezidenti: "OGPC layihəsinə maraq göstərən şirkətlərlə danışıqlar davam etdirilir"

SOCAR-ın vitse-prezidenti: "OGPC layihəsinə maraq göstərən şirkətlərlə danışıqlar davam etdirilir" Yeni variantda layihə üzrə xərclərin mümkün qədər minimallaşdırılmasına çalışılır
Energetika
13 Aprel , 2016 13:44
SOCAR-ın vitse-prezidenti: OGPC layihəsinə maraq göstərən şirkətlərlə danışıqlar davam etdirilir

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaradağ rayonunda həyata keçirməyi planlaşdırdığı Neft-qaz emalı və Neft-kimya Kompeksi (OGPC) layihəsinin icrası istiqamətində hazırda daxili resurslar hesabına araşdırmaları davam etdirir və maraqlı tərəflər/potensial investorlarla müvafiq müzakirələr aparır.

"Report" xəbər verir ki, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti, OGPC-nin baş direktoru Tofiq Qəhrəmanov bildirib.

T.Qəhrəmanov xatırladıb ki, qaz emalı zavodu üzrə İlkin Detallı Layihələndirmə (FEED) işləri tamamlanıb, Mühəndislik, Satınalma, Tikinti (EPC) üzrə ilkin seçimlərə başlanılıb.

"Növbəti mərhələ olaraq inşaat mərhələsinə keçilməli idi. Lakin 2014-cü ildən dünya bazarında neftin qiymətinin düşmə tendensiyası başlayanda, potensial maliyyələşmə çətinlikləri ilə əlaqədar, investorların bu layihəyə marağını öyrənmək üçün Layihə üzrə Maliyyə Məsləhətçimiz olan "Societe Generale" şirkəti ilə birlikdə Layihənin birgə icrasında maraqlı olan tərəfdaşları müəyyənləşdirməyə çalışdıq. "Societe Generale" şirkətinin araşdırmasına görə, layihəyə böyük maraq olub. Lakin neftin qiymətinin enməsinin uzun müddət davam etməsi Layihənin icrasında maraqlı olan şirkətlərın azalması ilə müşayiət olunub", - deyə şirkətin vitse-prezidenti əlavə edib.

O bildirib ki, bu layihə üzrə aktiv işlər nisbətən gecikdirilir: "Hələ ki, dünya bazarında neftin qiyməti layihənin icrasına tez başlamaq üçün nisbətən aşağıdır. Neftin qiymətinin qalxma tendensiyası stabilləşdikdə layihədə aktiv işlərə başlanılacaq".

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, layihə üzrə aktiv işlər müvəqqəti olaraq dayandırılsa da, layihəyə maraq göstərən şirkətlərlə danışıqlar aparılır.

T.Qəhrəmanov bildirib ki, hazırda Yaponiyanın "Mitsui" şirkəti və Çin şirkətləri bu layihəyə böyük maraq göstərir.

Onun sözlərinə görə, şirkətlərlə danışıqlar aparılır: "Ötən ilin yayında SOCAR prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Yaponiyada səfərdə olub və bir sıra əhəmiyyətli görüşlər keçirilib. Bu layihəyə onların maraqları davam edir və danışıqlar aparılır. Danışıqlar prosesində bəzi detallarda dəyişikliklər edilir, yenidən baxılır".

T.Qəhrəmanov qeyd edib ki, Çin şirkətləri ilə də danışıqlar aparılır, həm Azərbaycan nümayəndələrinin Çinə, həm də Çin nümayəndə heyətinin Azərbaycana səfəri olub. O bildirib ki, burada rəqabət yaranır və podratçıların seçimi tender əsasında olacaq: "Bizim layihə həmişə şəffaf olub. Layihə ilə bağlı iki dəfə Bakıda forum keçirilib. Sonuncu forumda 30 ölkədən 150 şirkətin 350-dən çox nümayəndəsi iştirak edib. Hamıya layihə barədə ətraflı məlumat verilib".

T.Qəhrəmanov layihədə müəyyən dəyişikliklər edilə biləcəyini də əlavə edib. Onun sözlərinə görə, yeni variantda layihə üzrə xərclərin mümkün qədər minimallaşdırılmasına çalışılır. O, konfiqurasiyanın və digər bir sıra məqamların optimallaşdırılması məsələsinə baxılacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi