SOCAR-ın 3 əməkdaşı Yaponiyanın JGC şirkətində istehsalat təcrübəsi keçib

SOCAR-ın 3 əməkdaşı Yaponiyanın JGC şirkətində istehsalat təcrübəsi keçib Daha 6 mütəxəssisin dörd ay müddətinə Yaponiyaya ezam olunması nəzərdə tutulub
Energetika
19 Yanvar , 2016 20:06
SOCAR-ın 3 əməkdaşı Yaponiyanın JGC şirkətində istehsalat təcrübəsi keçib

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və JGC şirkətləri arasında əldə olunmuş razılığa əsasən Neft, Qaz Emalı və Neft Kimyası Kompleksinin (NQENKK) 3 mütəxəssisi istehsalat təcrübəsi proqramı çərçivəsində Yaponiyanın Yokohamo şəhərində uzunmüddətli ezamiyyətdə olub.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssislər mühəndislik sahələri üzrə yeni nəzəri məlumatlar öyrənib (off-job training) və JGC şirkəti tərəfindən həyata keçirilən layihələrdə iştirak ediblər. Onlar xüsusi proqram təminatı vasitəsilə torpaqlama sisteminin dizaynı, vahid xətt sxemlərinin çəkilməsi və testi, qısa qapanma testinin aparılması, relelərin koordinasiyası, motorun işəsalma testinin aparılması, rele mühafizə sxemlərinin yoxlanılması, avadanlıq və aparatların layihələndirilməsi, ölçülərinin müəyyən edilməsi, FEED mərhələsi üçün hazırlanan layihə sənədlərinin yoxlanılması və s. istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər. Təcrübəçilər eyni zamanda bir neçə layihə üzrə təkliflərin hazırlanması və icrası (EPC mərhələlərində) işlərində də iştirak ediblər. 

Yeni və müasir nəzəri-praktik biliklərə yiyələnmiş NQENKK əməkdaşları təcrübəni başa vurub vətənə qayıtdıqdan sonra Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma işlərinə cəlb olunublar.

Proqramın uğurlu təşkilini, icrasını, eləcə də JGC şirkəti tərəfindən təcrübə proqramının davam etdirilməsinə marağı və maliyyə dəstəyini nəzərə alaraq, 2016-cı ildə NQENKK və NEZ üzrə daha 6 mütəxəssisin dörd ay müddətinə Yaponiyaya ezam olunması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi