Yuxarı

SOCAR-ın Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib

Mərkəzin istehsalat gücü illik 100 min tondur

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində tikilmiş Tullantıların İdarəedilməsi Mərkəzinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəhbər şəxsləri, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən SOCAR prezidenti bildirib ki, Tullantıların İdarəedilməsi Mərkəzi “BP-Azerbaijan” şirkəti ilə əməkdaşlıq nəticəsində ərsəyə gətirilib və bütövlükdə region üçün strateji əhəmiyyətə malikdir. Onun sözlərinə görə, layihənin dəyəri 60 mln. manatdır. 

R.Abdullayev vurğulayıb ki, mərkəz neft sənayesi sahəsində qazma zamanı əmələ gələn şlamın regionda dünya standartlarına uyğun emal olunmasını həyata keçirən ilk və yeganə bu tipli müəssisədir: "Mərkəzdə 26 növ digər tullantının utilizasiyası da nəzərdə tutulub. Bundan əlavə, gələcəkdə başqa tullantıların da burada emalı mümkün olacaq”. 

SOCAR rəhbəri burada 100 yeni iş yerinin açıldığını qeyd edib. 

Tullantıların İdarəedilməsi Mərkəzi 40 hektar ərazini əhatə edir və bu rəqəmin 100 hektara qədər artırılması imkanı var. Mərkəzdə qazma şlamını emal etmək məqsədi ilə Almaniyanın “Ekon” şirkətinin istehsalı olan 2 ədəd “Vaku Dray” qurğusu quraşdırılıb. Qurğuda qazma zamanı isifadə olunan qazma məhlulu emal zamanı yenidən istifadəyə tam yararlı şəkildə bərpa olunur. Mərkəzin istehsalat gücü illik 100 min tondur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi