Yuxarı

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni təlim korpusu istifadəyə verilib

Açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinin nəzdində yeni təlim korpusunun açılışında iştirak ediblər.

"Report" SOCAR-a istinadən xəbər verir ki, şirkət prezidentinə idarənin və təlim mərkəzlərinin fəaliyyəti haqqında məruzə olunub və bildirilib ki, korpusda SOCAR-ın mühəndis texniki işçiləri üçün şirkətin müxtəlif fəaliyyət istiqamətləri üzrə təkmilləşmə kursları təşkil olunacaq. Bu məqsədlə binada ixtisaslaşdırılmış təlim otaqları yaradılıb və müasir təlim avadanlıqları ilə təchiz edilib. SOCAR prezidenti avtomatik idarəetmə sistemləri (PLC) otağına, elektronika sahəsində biliklərinin artırılması üçün təlim otağına, qaynaq nümunələrinin ultrasəs müayinəsinin öyrənilməsi üçün təlim otağına, mühəndis-mexaniklərin neft-mədən avadanlıqlarının və xüsusi qurğuların dinamikası və möhkəmliyi mövzuları ətrafında, eyni zamanda istehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, beynəlxalq standartlara uyğun kursların keçirilməsi üçün nəzərdə tutulmuş təlim otaqlarına, əməyin mühafizəsi kabinetinə və elmi kitabxanaya baxış keçirib. Təlim otaqları haqqında ətraflı məlumat verilib, təchiz olunmuş avadanlıqların təyinatı barədə bəhs olunub, qeyd edilib ki, burada fəaliyyət göstərəcək kitabxanadan elektron kitabxanalara daxil olmaq üçün zəruri imkanlar yaradılıb. Mərkəzin akt zalında dinləyicilər üçün həm giriş təlimatı, həm də xarici və yerli mütəxəssislərin qabaqcıl ideyalarının istehsalatda tətbiqi ilə bağlı seminarlar təşkil olunacaq. Həmçinin yeni təlim korpusunda xarici dillərin öyrənilməsi məqsədilə linqafon otağının, müxtəlif ofis və mühəndis proqramlarının öyrənilməsi üçün kompüter otağıın da istifadəyə verilməsi qeyd edilib.

SOCAR prezidenti R.Abdullayev təlim otaqlarında müəllim və müdavimlərlə söhbət edib, onları yeni korpusun istifadəyə verilməsi münasibətilə təbrik edib, uğurlar arzulayıb, görülən işlərdən razı qaldığını bildirib. Yeni təlim korpusunda gənc mütəxəssislər üçün müasir dövrün tələblərinə uyğun təlimlərin təşkilinin vacibliyini vurğulayan şirkət prezidenti bu istiqamətdə konkret tapşırıqlar verib.

Tədbirdə qeyd olunub ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi sifarişlər əsasında neft sənayesi üçün yüksək ixtisaslı kadrların hazırlanmasını, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulmasını, sənayenin və cəmiyyətin ehtiyaclarını ödəyən yüksək keyfiyyətli təlimlərin təşkilini həyata keçirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi