Yuxarı
    Bağlamaq

    SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 100 mininci sertifikatı təqdim edib

    Dinlə
    © socar.az

    Bakı. 15 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən ayrı-ayrı peşələr və ixtisaslar üzrə tədris olunan təlim kurslarında verilən 100 mininci sertifikatın dinləyiciyə təqdim edilməsi mərasimi keçirilib.

    “Report”un şirkətə istinadən verdiyi xəbərə görə, SOCAR-ın 100 mininci peşə təlimi sertifikatı “Müasir elektron ölçü vasitələrinin ölçü qovşaqlarının və standartlarının tətbiqi” kursunu müvəffəqiyyətlə bitirən “Azneft” İstehsalat Birliyinin “28 May” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı Aftil Əliyevə təqdim edilib.

    TTSİ-nin rəisi Fuad Süleymanov İdarənin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib, SOCAR-ın beynəlxalq standartlara cavab verən və region üzrə öz sahələrində unikallığı ilə seçilən müxtəlif peşə təlimi kurslarından bəhs edib. “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov texnologiyanın sürətli inkişafı dövründə müxtəlif ixtisaslar üzrə peşəkar fəhlə və mütəxəssislərin kurslara cəlb edilməsinin biznes inkişafı üçün olan zərurətini vurğulayıb.

    SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tədbirdəki çıxışında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Neft kapitalı insan kapitalına çevrilməlidir” təlimatına uyğun olaraq, SOCAR bu istiqamətdə öz geniş miqyaslı layihələrini davam etdirir: “Dayanıqlı inkişafımızın əsas şərtlərindən biri də beynəlxalq standartlara cavab verən yüksək səviyyəli peşə təliminin təşkilidir. 13 il ərzində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Ölkə iqtisadiyyatına dəyərli töhfə verərək təlim mərkəzlərində 100 minə qədər peşəkar fəhlə kadrının hazırlanmasına, mühəndis texniki işçilərin ixtisaslarının artırılmasına nail olunub. 100 mininci Sertifikatın Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində “28 May” NQÇİ-nin əməkdaşına qismət olması isə həm də rəmzi məna daşıyır”. 

    “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması Xidmət sahəsinin böyük mühəndisi 100 mininci Sertifikatın sahibi Aftil Əliyev deyib ki, SOCAR-da peşə təlimləri beynəlxalq standartlar əsasında keçirilir. “Təlim mərkəzlərində ən müasir avadanlıqlardan istifadə olunur, peşəkarlar burada müasir bilik və səriştələrə yiyələnə bilirlər. Burada verilən sertifikatlar həm yerli, həm də xarici şirkətlərdə fəaliyyət göstərmək üçün bir vəsilədir. Belə bir şərait yaratdığına görə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarına və SOCAR rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”. 

    Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 5 təlim mərkəzindən, qaynaq sexlərindən, fiziki və mexaniki sınaq laboratoriyalarından ibarətdir. İdarənin mütəxəssisləri tərəfindən dəniz neftçilərinə beynəlxalq müqavilələr əsasında beynəlxalq standartlara və beynəlxalq dəniz konvensiyalarının tələblərinə uyğun təlimlər keçirilir. Həmçinin SOCAR-ın strukturuna daxil olan müəssisələrdə standartların tətbiqi və onlara nəzarət TTSİ-nin fəaliyyət sferasına daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi