SOCAR-ın təlim mərkəzində Ələt Azad İqtisadi Zonasının rəhbərliyi ilə görüş keçirilib

SOCAR-ın təlim mərkəzində Ələt Azad İqtisadi Zonasının rəhbərliyi ilə görüş keçirilib SOCAR-ın təlim mərkəzində Ələt Azad İqtisadi Zonasının rəhbərliyi ilə görüş keçirildi
Energetika
30 İyul , 2020 19:09
SOCAR-ın təlim mərkəzində Ələt Azad İqtisadi Zonasının rəhbərliyi ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) koronavirus (COVID-19) pandemiyası səbəbindən işçilərini boşdayanmalar zamanı boş qalmamaları üçün təlim və kütləvi vebinarlara cəlb edir.

“Report”un məlumatına görə, dünyada bir çox iri neft-qaz, həmçinin digər istehsalçı şirkətlərdə olduğu kimi, SOCAR əsas hədəfini işçilərini optimallaşdırmaq və yaxud ixtisar etməyə deyil, onların savad və bacarıqlarını artırmağa yönəldib.

Belə ki, bütün dünyada hökm sürən böhran zamanı bir çox neft-qaz yataqlarının işləmədiyi bir zamanda SOCAR digər şirkətlərdən fərqli olaraq işçiləri ixtisar etməyib, onları işdən çıxarmır və optimallaşdırma siyasəti həyata keçirməyib. Əvəzində ölkənin ən iri vergi ödəyicisi olan şirkət özünün sosial məsuliyyətini dərk edərək işçilərini onlayn təlimlərə və kütləvi vebinarlara cəlb edib. Qurum bütün dünyada hökm sürən pandemiya dövründə işçilərinin bu təlimlər və onlayn vebinarlar vasitəsilə bilik və bacarıqlarını daha da inkişaf etdirir. Bu təlim və vebinarlar isə işçilərin ixtisas artırılması, ixtisas dəyişdirilməsi üçün də bir şans olur.

Bunun üçün isə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin regional təlim mərkəzlərində bütün imkan və şəraitlər yaradılıb. Bu təlim mərkəzlərində də xeyli sayda ən müasir, beynəlxalq standartlara və tələblərə cavab verən simulyator və avadanlıqlar quraşdırılıb.

Bu gün SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan regional təlim mərkəzində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovla görüş keçirilib. Mərkəzlə tanışlıq zamanı SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Qobustan regional təlim mərkəzinin sifarişçilərin tələbatlarına uyğun olaraq müxtəlif peşələr və ixtisaslar üzrə çoxsaylı kursları tədris etdiyini bildirib. Həmçinin təlim mərkəzinin qarşısında duran vəzifələr və xarici şirkətlərin tələbləri barədə ilkin surətdə məlumat verilib.

Bununla yanaşı, təlim mərkəzinin nəzəri tədris otaqlarında istifadə edilən simulyatorlar, əyani vəsaitlər, mövcud potensial, müəllim-instruktor heyətinin bacarıqları və ixtisas göstəriciləri qonağın nəzərinə çatdırılıb.

Eyni zamanda V.Ələsgərov təlim mərkəzinin Qaynaq emalatxanasında yerinə yetirilən əməliyyatlar, əməyin təhlükəsizliyi rejimi, istifadə edilən avadanlıqlar və materiallarla tanış olub.

Görüşdə Qobustan regional təlim mərkəzində “BP Exploration (Caspian Sea) Limited”, “Bos Shelf” MMC, “SOCAR Polymer” MMC və digər şirkətlər ilə əməkdaşlıq çərçivəsində xarici ölkələrin aparıcı peşə təhsili qurumlarının metodikası əsasında texniklərin hazırlanmasının aktuallığına toxunulub.

Daha sonra Azad İqtisadi Zonada fəaliyyət göstərməsi nəzərdə tutulan müəssisələrin ehtiyacları baxımından ayrı-ayrı peşələrin tədris proqramları haqqında müzakirələr aparılıb.

Sonda V.Ələsgərov SOCAR-ın təlim mərkəzinin imkanlarının Qaradağ rayonunda və ətraf zonalarda yaşayan gənclərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsində və məşğulluq qabiliyyətinin artırılmasında faydalı olacağını bildirib.

Son xəbərlər

Orphus sistemi