Yuxarı

SOCAR-ın sürücüləri təlimlərə cəlb olunurlar - YENİLƏNİB

SOCAR-ın sürücüləri təlimlərə cəlb olunurlar - YENİLƏNİB
Bu, yanacağa qənaət etməyə, atmosferə atılan karbon emissiyasının miqdarını azaltmağa imkan verəcək

İlk xəbər saat 11:43-də verilib

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat Departamentinin ərazisindəki eko-sürücülük simulyatorunun açılış mərasimi keçirilib. 

"Report" xəbər verir ki, mərasimdə iştirak edən SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib ki, bu layihə şirkətin və BMT-nin birgə təşkilatçılığı ilə reallaşdırılıb. 

Onun sözlərinə görə, Fransanın EDİSER şirkətinin quraşdırdığı qurğu vasitəsilə SOCAR-ın sürücüləri təlim keçəcəklər: "Sürücülər təlim keçdikdən sonra yanacağa qənaət edirlər. Bununla da atmosferə atılan karbon emissiyasının miqdarını ildə 1 500 ton azaltmaq mümkündür. Bu, ekoloji cəhətdən mühüm layihədir. Layihənin icrasına sabahdan başlanılacaq və SOCAR-ın 1 000-ə yaxın sürücüsü təlim keçəcək. Bütün növ sürücülərin təlim keçməsi nəzərdə tutulub".

BMT-nin İnkişaf Proqramının rezident mümayəndəsinin müavini Alessandro Frakassetti isə deyib ki, eko-sürücülük layihəsi yeni nəqliyyat vasitəsini idarə etmək mədəniyyətini də ehtiva edir. Üstəlik bu layihə yanacağa və maliyyəyə qənaət etməyə imkan verir: "Layihə vasitəsilə bir milyon manata yaxın vəsaitə qənaət etmək mümkündür. Layihə hər kəs üçün faydalı olacaq. Bunu ölkə səviyyəsində həyata keçirmək daha faydalı ola bilər".

Onun sözlərinə görə, layihə 4 il müddətinə nəzərdə tutulub: "Enerjiyə qənaət etməklə dəyişikliklərə nail olmaq istəyirik. Naliyyət əldə edəcəyiksə, bunu ölkənin digər bölgələrində də tətbiq edəcəyik". 

Qeyd edək ki, Qlobal Ekoloji Fondun (GEF) maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının və SOCAR-ın birgə həyata keçirdiyi “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində işlənən komponentlərdən biri SOCAR-da Dayanıqlı Nəqliyyat Proqramıdır. 

GEF-in layihə ssenarisi həmin komponent üzrə SOCAR-ın nəqliyyat sistemində enerji səmərəliyi və təhlükəsiz sürücülük üslublarının təqdim olunmasını nəzərdə tutur. Beynəlxalq təcrübəyə əsasən, enerji səmərəliliyi və təhlükəsiz sürücülük mövzusunda təlim keçmiş sürücülər nəqliyyat vasitələrinin emissiyalarını ən azı 10-15% azaltmaq imkanına malik olurlar. Bu da uzun müddətli perspektivdə SOCAR-ın nəqliyyat effektivliyini inkişaf etdirməyə imkan verəcək. GEF layihəsi yanacaq növünün əvəzlənməsinə pilot investisiyalar qoyulmasında yardımçı olacaq və nəqliyyat sektorunda karbon qazının buraxılışını və eləcə də enerji intensivliyini azaltmaq mövzusunda ekoloji-sürücülük (eco-driving) təlim proqramları təşkil edir. Təlim proqramı beynəlxalq təcrübəyə əsaslanaraq işlənib-hazırlanıb, SOCAR-da avtomobillərin idarə edilməsi sahəsində çalışan işçilərin böyük bir qismini əhatə edəcək. Bu fəaliyyət nəticəsində “Eko-sürücülük üzrə Milli Proqram"ın işlənib-hazırlanacağı gözlənilir.

Layihə çərçivəsində, 4 ədəd hibrid tipli minik avtomobili SOCAR-ın sürücülərinin ixtiyarına verilib. Eko-sürücülük metodologiyası üzrə sürücülərə həm nəzəri, həm də praktiki təlimlərin keçirilməsi üçün eko-sürücülük simulyatoru SOCAR-a təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi