SOCAR-ın regional təlim mərkəzində imtahan keçirilib

SOCAR-ın regional təlim mərkəzində imtahan keçirilib Yüksək nəticələr əldə edən 40 nəfər tədris prosesində iştirak edəcək
Energetika
18 Fevral , 2016 13:17
SOCAR-ın regional təlim mərkəzində imtahan keçirilib

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində Qaradağ rayonunun sakini olan 40 nəfər gəncin tədris prosesinə seçilməsi üçün imtahan keçirilib. "Report" xəbər verir ki, imtahan SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə "BP-Azerbaijan" şirkətinin müqaviləsi əsasında baş tutub.

Təlim,Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov bildirib ki, bu, "BP-Azerbaijan" və SOCAR arasında imzalanan müqavilənin icrasının ikinci fazasıdır.

"Müqaviləyə əsasən, keçən il "BP-Azerbaijan" şirkətinin sifarişi əsasında Qobustan Regional Təlim Mərkəzində 79 nəfər 10 ixtisas üzrə təlim keçib və hazırda SOCAR-ın müxtəlif müəssisələrində işləyirlər. Bu gün isə müqavilənin ikinci hissəsinə uyğun olaraq, 40 nəfər gəncin seçilməsi üçün imtahan keçirilib. İmtahandan uğurlu nəticələr əldə edənlər üçün qısa müddətdə tədris prosesinə başlanılacaq".

Onun sözlərinə görə, tədris texnoloji qurğuların operatoru, çilingər və elektrik montyoru ixtisasları üzrə həyata keçiriləcək: "İmtahan prosesində texnoloji qurğuların operatoru ixtisası üzrə 13 yer uğrunda 87 nəfər, təmirçi çilingər ixtisası üzrə 13 yer uğrunda 21 nəfər, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ixtisası üzrə 14 yer uğrunda 63 nəfər iştirak edib. Bu ixtisaslar üzrə müraciət edənlərin sayı müvafiq olaraq 259, 68, 154 nəfər olmaqla 481 nəfər təşkil edib".

İdarə rəisi qeyd edib ki, təhsil müddəti 10 ay olacaq və bu müddətdə SOCAR-ın təqaüdü, xüsusi geyim və daşınma üçün nəqliyyat servisi nəzərdə tutulub. O bildirib ki, tələbələr təhsil müdətini başa çatdırdıqdan sonra SOCAR-ın müəssisələrində iki ay müddətində istehsalat təcrübəsi keçəcəklər, bundan sonra isə yenidən imtahan verərək sertifikat alacaqlar. Təlim Mərkəzini bitirən şəxslərin işlə təminatına gəlincə isə F.Süleymanov qeyd edib ki, bu, BP şirkətinin sifarişi əsasında həyata keçirldiyi üçün işlə təminatı BP müəyyən edir: "Amma bu insanların SOCAR-ın müəssisələrinə CV-lərini göndərmək və vakansiyalar yarandıqda İnsan Resursları Departamentinin imtahanlarında iştirak etmək imkanları var".

SOCAR-ın İnsan Resursları Departamenti təlim və inkişaf şöbəsinin rəisi Tural Məmmədov bildirib ki, Departament tərəfindən müsabiqə təşkil olunub və müraciətlər elektron formada qəbul edilib: "Birinci mərhələ olaraq, sənədlərin əsli yoxlanılıb. Bu mərhələdə əsas tələblərə uyğun olaraq Qaradağ rayonunda daimi və müvəqqəti qeydiyyatı olan və bunu arayışla təsdiq edən, yaşı 29-a qədər və hərbi bileti olan namizədlər seçilib və ümumilikdə 171 nəfər imtahana buraxılıb. İmtahan fizika, riyaziyyat, kimya, məntiq və dövlətçilik üzrə 70 sualdan ibarət olub. İmtahandan ən yüksək bal toplayan 40 nəfər təhsil almaq hüququ əldə edəcək. Namizədlərin bu rayondan seçilməsinin səbəbi BP şirkətinin tələbi və logistika mərkəzinin yerləşməsi ilə bağlıdır".

Qeyd edək ki, 10 aylıq peşə təlimi proqramı Azərbaycan Prezidentinin yeni iş yerlərinin açılması, əmək resurslarının təmin olunması istiqamətində verdiyi tövsiyələrinə uyğun olaraq həyata keçirilir. Proqramın məqsədi Qobustan Regional Təlim Mərkəzində müasir avadanlıqlar, tədris vəsaitləri və simulyator qurğularından istifadə etməklə, ixtisaslı və səriştəli müəllimlərin vasitəsilə gənclərə həmin ixtisasların yüksək səviyyədə öyrədilməsi, habelə SOCAR-ın müəssisələrində onlara istehsalat təcrübəsi aşılanması və onların peşə ixtisaslarına yiyələnmələrinə dəstək verilməsidir.

Son xəbərlər

Orphus sistemi