SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib

SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib Bu dərs ilində 104 nəfər gənc 10 ixtisas üzrə 10 ay müddətinə təlim prosesinə cəlb olunub
Energetika
171
15 Sentyabr , 2017 19:24
SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib
SOCAR

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Qobustan Regional Təlim Mərkəzində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

“Report” xəbər verir ki, SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxışı zamanı İdarənin rolunu qeyd edib. O, bu il yüksək bal toplayaraq mərkəzə qəbul olunmuş şagirdləri təbrik edib, onların nəzəri və praktiki biliklərə ciddi-cəhdlə yiyələnəcəklərinə, milli ruhlu layiqli kadrlar kimi yetişəcəklərinə əmin olduğunu söyləyib. Bildirilib ki, şagirdlər gələcəkdə SOCAR ailəsinin üzvü olmaq üçün 10 aylıq müddətdən maksimum dərəcədə bəhrələnməlidirlər. 

TTSİ-nin Qobustan Regional Təlim Mərkəzinin direktoru Nəzakət Məmmədova Mərkəzin fəaliyyəti barədə məlumat verib, bildirib ki, 2013-cü ildən fəaliyyətə başlayan mərkəz 48 sinif otağından, inzibati otaqlardan və laboratoriyalardan ibarətdir. Bu dərs ilində 104 nəfər gənc 10 ixtisas üzrə 10 ay müddətinə təlim prosesinə cəlb olunublar. Şagirdlərdən 24 nəfəri ali, 10 nəfəri orta ixtisas, 4 nəfəri isə peşə təhsillidir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən göndərilən, uşaq evlərində böyümüş orta təhsilli 4 nəfər gənc də bu tədris ilində təlim mərkəzində təhsil alacaq. Tədris müddətində onlar gündəlik isti yemək və yataqxana ilə təmin olunacaqlar.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə neft-qaz hasilatı üzrə operator ixtisasına qəbul olmuş Cəmilə Əliyeva yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib, təhsildə əldə etdikləri nailiyyətlərlə ölkəmizin iqtisadiyyatına töhfə verməyə çalışacağını bildirib.

Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev, “Azneft” İB-nin baş direktorunun birinci müavini Balamirzə Ağarəhimov şagirdləri təbrik edib, peşəkar fəhlə kadrların hazırlanmasında göstərilən əməyə görə TTSİ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirib, gənclərə öz tövsiyələrini veriblər.