SOCAR-ın Qaz İxrac İdarəsində hesabat iclası keçirilib

SOCAR-ın Qaz İxrac İdarəsində hesabat iclası keçirilib İdarənin işçiləri arasında peşə xəstəliyi və bədbəxt hadisə qeydə alınmayıb
Energetika
28 İyul , 2015 16:03
SOCAR-ın Qaz İxrac İdarəsində hesabat iclası keçirilib

Bakı. 28 iyul. REPORT.AZ/ SOCAR-ın Qaz İxrac İdarəsində 2015-ci ilin birinci yarısında təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi sahələri üzrə görülən işlərlə bağlı hesabat iclası keçirilib.

"Report"un verdiyi xəbərə görə, iclasda bildirilib ki, 2015-ci ilin altı ayı ərzində bərk tullantıların və çirkab suların utilizasiyası məqsədilə zəruri tədbirlər görülüb. 5 467,3 ton metal ''Her Engineering'' MMC-yə, 6,9 ton sürtgü yağı Bakı Neft Emalı zavoduna, 133 kq təhlükəli tullantı Ekologiya İdarəsinin “Qaradağ” Tullantı Mərkəzinə təhvil verilib, keçirilmiş iməciliklər zamanı 3 825 ədəd ağac və gül kolu əkilib, salınmış yaşıllıqlara aqro-texniki qulluq göstərilib.

Qazıməmməd-Qazax (1-ci xətt) Magistral Qaz Kəmərinin başlanğıcından 210-cu kilometrinə qədər olan hissədə yenidənqurma işlərinə başlanılıb. Bu istiqamətdə boru kəmərinin 24 km-lik hissəsi yenidən çəkilib və Ekologiya İdarəsi tərəfindən Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədi işlənib hazırlanıb. Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamenti tərəfindən Magistiral Qaz Kəmərləri Sahələri üçün “Atıla bilən tullantı həddi”, “Təhlükəli tullantıların pasportlaşdırılması” və “Ekoloji pasportlar” kimi texniki normativ sənədləri hazırlanıb. Həmin sənədlərə uyğun olaraq, magistral qaz kəmərləri sahələri üçün təhlükəli tullantıların ekoloji pasportları təsdiq edilib. Qeyd olunub ki, İdarə tərəfindən ixrac olunan qazın keyfiyyətini və sifarişçi təşkilatlara göstərilən xidmət səviyyəsindən müştərilərin məmnuniyyətini müəyyən etmək məqsədi ilə ildə bir dəfədən az olmayaraq anket sorğusu keçirilir və müştərilər tərəfindən 5 ballıq sistemlə qiymətləndirilən anketə əsasən görülmüş işlər təhlil edilir, beynəlxalq standartların əhatə dairəsində mövcud ekoloji aspektlər müəyyən olunur. Hesabat dövründə də müştərilər İdarənin fəaliyyətini yüksək qiymətləndiriblər.

Qaz İxrac İdarəsinin aparatında, eləcə də Abşeron, Siyəzən və Ağdam magistral qaz kəmərləri sahələrində daxili auditlər keçirilib, sahələrdə aşkar edilmiş uyğunsuzluqların səbəbləri araşdırılıb. Bundan başqa, ''Neftqazelmitədqiqatlayihə'' İnstitutu magistral qaz kəmərləri sahələri üçün təhlükəsizlik bəyannamələrini, Qaz Kompressor Stansiyaları üçün qəzaların ləğvi planını işləyib hazırlayıb və təsdiq edib. Qaz İxrac İdarəsinin əməkçiləri xüsusi geyim, ayaqqabı və digər qoruyucu vasitələrlə təmin olunub, onların tibbi müayinəsi keçirilib. İşçilər arasında peşə xəstəliyi və bədbəxt hadisə qeydə alınmayıb. İclasda məruzə ətrafında müzakirələr aparılmış, təklif və rəylər dinlənilmişdir. İdarənin rəisi Qağaməli Seyfullayev yekun nitqi söyləyib, tövsiyələrini verib, işçilərin maarifləndirilməsinə, təlimatlandırılmasına və biliklərinin artırılmasına önəm verilməsinin vacibliyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi