Yuxarı

SOCAR-ın Qaz İxrac İdarəsində əməyin mühafizəsi üzrə görülən işlər müzakirə olunub

​İdarə üzrə heç bir bədbəxt hadisə və peşə xəstəliyi qeydə alınmayıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsində 2015-ci il ərzində əməyin mühafizəsi üzrə görülmüş işlər müzakirə olunub.

"Report" SOCAR-a istinadən xəbər verir ki, İdarə rəisi Qağaməli Seyfullayev çıxış edərək müvafiq işlərin Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sisteminin tələblərinə uyğun şəkildə həyata keçirildiyini bildirib. O qeyd edib ki, İdarənin obyektlərində daimi fəaliyyət göstərən komissiyanın, müvafiq şöbələrin və nəzarətedici orqanların (FHN-in DMN Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi) nümayəndələri tərəfindən istehsalat sahələrində yoxlamalar aparılıb, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər görülüb: "İl ərzində işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair bilikləri yoxlanııb, nomenklatur tədbirlər yerinə yetirilib".

Qaz İxrac İdarəsi fəaliyyətini milli qanunvericiliyə uyğun olaraq, ISO:9001, ISO:14001 və OHSAS:18001 beynəlxalq standartların tələbləri səviyyəsində qurub. Personalla fərdi qaydada maarifləndırmə işləri aparılıb. Tədbirlərin icra vəziyyətinin yoxlanılması məqsədilə daxili audit, habelə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin əməkdaşları tərəfindın ikinci tərəf auditi və “Bureau Veritas” şirkətinin mütəxəssisləri tərəfindən dörd gün xarici audit keçirilib və aşkar edilmiş uyğunsuzluqlar verilən vaxt ərzində aradan qaldırılıb. Bundan başqa, İdarə üzrə şöbə və bölmələrdə cavabdeh şəxslərin iştirakı ilə üç günlük kurs keçirilib və 38 nəfər ISO:9001 “Keyfiyyyət idarəetmə sistemi” üzrə sertifikatlaşdırılıb. Hazırda İdarədə İSO:50001 “Enerji idarəetmə sistemi”nin tətbiq olunması üzrə işlər davam etdirilir. 

Qeyd olunub ki, İdarənin regionlarda yerləşən magistral qaz kəmərləri sahələrinin işçiləri üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair lazımi təlimat topluları çap edilib. Həmin sahələrdə əmək şəraitinin vəziyyətinin kompleks yoxlanılması ərəfəsində işçilərin maarifləndirilməsi məqsədilə “Enerji mənbələrinin təcrid edilməsi - elektrik işləri”, “Yanğın zamanı odsöndürmə vasitələrindən ilkin istifadə qaydaları” və “Fövqəladə hallar zamanı işçilərin təhlükəsizliyinin təmin edilməsi - təxliyə” mövzularında təqdimatlar keçirilib. İl ərzində obyektlərdə əmək şəraitinin yaxşılaşdırılması, sanitariya və gigiyena sahələrində zəruri tədbirlər görülüb, İdarə üzrə heç bir bədbəxt hadisə və peşə xəstəliyi qeydə alınmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi