Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması və modernizasıyası işləri çərçivəsində Fransada işgüzar səfərdə olub.
"Report" SOCAR-a istinadən xəbər verir ki, səfər çərçivəsində T.Qəhrəmanov bir sıra görüşlər keçirib.
Səfər zamanı nümayəndə heyəti “Axens” şirkətinin lisenziyası əsasında NEZ-də tikiləcək katalitik krekinq benzininin hidrotəmizlənməsi və dizel fraksiyasının hidrotəmizlənməsi qurğularının layihələndirmə işləri çərçivəsində davam edən Boru və Nəzarət Ölçü Cihazları (BNÖC) diaqramlarına baxış üzrə iclaslarda iştirak edib. Bundan əlavə, “Axens” şirkətinin lisenziyası əsasında tikilməsi nəzərdə tutulan başqa bir qurğunun - C4 fraksıyasının hidrogenləşdirilməsi qurğusunun layihələndirmə işlərinə başlanılması ilə əlaqədar ilkin əlaqələndirmə görüşü keçirilib. T.Qəhrəmanov SOCAR-ın 3 gənc mütəxəssisi üçün “Axens” şirkətinin ofisində keçirilən təlimlərlə tanış olub, “Axens” şirkətinin prezidenti Jan Sentenak (Jean Sentenak) və şirkət rəhbərliyi ilə görüşərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Air Liquide” şirkətinin rəhbərliyi ilə keçirilmiş görüşdə Bakı zavodunda inşası nəzərdə tutulan hidrogen qurğusu üzrə müzakirələr aparılıb. Həmçinin, “IFP Energies nouvelles” (IFPEN) şirkətinin İdarə Heyətinin sədri, baş icraçı direktoru Didye Hussin (Didier Houssin) və “İFP Training” şirkətinin baş icraçı direktoru Jan Lük Karnik (Jean-Luc Karnik) ilə görüş keçirilib, ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, SOCAR-ın təqaüd proqramı ilə təhsil alan bəzi tələbələr məhz IFPEN qrupuna daxil olan Fransa Neft İnstitutunda təhsil alıblar.
Daha sonra nümayəndə heyəti IFPEN şirkətinin Lyon şəhərində yerləşən Tədqiqat Mərkəzinə səfər edib. SOCAR təmsilçilərinə məlumat verilib ki, Mərkəz özündə neft-qaz-kimya və alternativ enerji məsələləri da daxil olmaqla bir çox istiqamətlər üzrə fəaliyyət göstərən layihələndirmə, modelləşdirmə, tədqiqat və laboratoriya sınaqlarının aparılması və inkişafı sahəsində müvafiq sınaq qurğularını birləşdirir, “Axens” şirkəti ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir, burada yaradılmış noy-hau və yeni katalizatorlar istehsalatda tətbiq olunur və neft emalı zavodlarına təklif edilir.