SOCAR-ın layihə institutunun Eksperimental təcrübə-sınaq işləri Bazası istismara verilib

SOCAR-ın layihə institutunun Eksperimental təcrübə-sınaq işləri Bazası istismara verilib Şirkət prezidenti Rövnəq Abdullayev açılış mərasimində iştirak edib
Energetika
17 Sentyabr , 2015 13:53
SOCAR-ın layihə institutunun Eksperimental təcrübə-sınaq işləri Bazası istismara verilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət nümayəndələrinin iştirakı ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Eksperimental təcrübə-sınaq işləri Bazasının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Bakının Suraxanı rayonu ərazisində tikilmiş Bazaya baxış keçirən SOCAR prezidenti burada yaradılmış iş şəraiti və quraşdırılmış yeni müasir avadanlıqlarla tanış olub.

SOCAR prezidentinə məlumat verilib ki, İnstitutda işlənmiş müxtəlif təyinatlı reagent və quyu avadanlıqlarının hazırlanması məqsədilə yaradılmış baza 2,1 hektar ərazini əhatə edir. Burada reagent istehsalı sexi və istehsalat sahəsi faəliyyət göstərir. Baza ümumilikdə ofis binası, qazanxana, hasilat zamanı tələb olunan müxtəlif reagent və inhibitorların istehsalı üçün qurğu, xammal və hazır məhsulun saxlanılması üçün anbar, quyuların mənimsənilməsi və təmirində istifadə edilən müxtəlif təyinatlı alətlər istehsal edən qapalı sahədən ibarətdir.

Bildirilib ki, Bazanın istehsalat sahəsində yeni konstruksiyalı elektrik dalma nasoslarının, şırnaqlı nasosların, qazmadan qurtarmış, eləcə də yan lülə ilə qazılmış quyular üçün quma qarşı qapalı tipli süzgəclərin, istismarda olan güclü qum təzahürlü quyular üçün quyu dibində oturdulan açıq tipli süzgəc kompleksinin, quyuların dəniz şəraitində ləğvini aparmaq üçün avadanlıqlarının, qum tıxacı ilə tutulmuş quyuların təmizlənməsi üçün tıxac təmizləyici qurğuların, müxtəlif təyinatlı pakerlərin, quyuların əsaslı və yeraltı təmiri zamanı istifadə edilən daxili, xarici və universal borututanların, istismar kəmərində hermetikliyin bərpası üçün avadanlıq kompleksinin, yan lülə ilə qazmada hermetikliyin təminatı üçün yaradılmış avadanlıqların və yönəldicilərin, daxili borukəsənlərin, xarici konik və həlqəvi, eləcə də quyudibi frezerlərin və digər quyuüstü və quyudaxili avadanlıqların hazırlanması nəzərdə tutulur.

Bu işlərin həyata keçiriləcəyi istehsal sahəsində pəstahların kəsilməsi üçün Almaniya istehsalı olan metalkəsən, proqram təminatı ilə işləyən universal frezləmə, vintkəsən torna və eroziya dəzgahları quraşdırılıb. Sahədə süzgəclərin və əsaslı təmir avadanlıqlarının hazırlanması məqsədilə qaynaq sahələri, istehsal ediləcək quyudaxili avadanlıqların ilkin sınaqlarının aparılması üçün sınaq stendi yaradılıb. Reagent istehsalı sexi avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulmuş müxtəlif çeşidli reagentlər hazırlayan 9 bölmədən və açıq tipli anbardan ibarətdir.

Bu bölmələrdə İnstitutun elmi-tədqiqat laboratoriyalarında işlənib və patentləşdirilmiş müxtəlif çeşidli reagentlər - neft-su emulsiyalarını parçalamaq üçün ND-I , ND-II deemulqatorları, duz çökmə inhibitorları, “Neftqaz-2013” korroziya inhibitoru, “Neftqaz-2014” və “KƏB-2014” bakterisid-inhibitorları, “KQÇİ-2014” çoxfunksiyalı korroziya inhibitoru, karbonatlı ağırlaşdırıcılar, qazma məhlullarının özlülüyünü azaltmaq üçün TR-5 və Abşeron-2T reagentləri, nanotərkibli qazma məhlulları, asfalt-qətran-parafin (AQPÇ) çöküntülərinə qarşı ND-NDP-I inhibitorları istehsal olunacaq. Sexdə xammal və istehsal olunmuş məhsulun saxlanılması üçün 200 kubmetr həcmində xüsusi tutum mövcuddur. Sexin gündəlik istehsal və qablaşdırılma gücü 30 tona bərabərdir. Tələbata uyğun olaraq istehsal gücünün artırılması mümkündür.

Eksperimental təcrübə-sınaq işləri Bazasında SOCAR-ın qazma, hasilat və emal müəssisələrində ehtiyac duyulan müxtəlif çeşidli məhsulların istehsal olunması nəzərdə tutulub.

SOCAR prezidenti neft-qaz sənayesinin inkişafı üçün yeni qurğu və obyektlərin tikilib istismara verilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Sonra Bazanın ofis binasında toplantı keçirilib. İclasda “Neftqazelmitədqiqatlayihə” İnstitutunun elektron bazası və layihəçi mühəndislərin hazırlanması haqqında təqdimat olub. R.Abdullayev Bazanın səmərəli istismarı ilə bağlı tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi