Yuxarı

SOCAR-ın ​Kadr Hazırlığının Təşkili Mərkəzində yekun imtahan keçirilib

Yekun imtahanın nəticəsinə görə, 15 nəfərin hər biri yüksək nəticə göstərib

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzini 2014/2015-ci tədris ilində bitirən şagirdlər yekun peşə sınaq imtahanı veriblər. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

İmtahan Komissiyasının tərkibində sifarişçi müəssisələrin yüksək ixtisaslı mütəxəssisləri ilə yanaşı SOCAR-ın İnsan resursları Departamentinin nümayəndələri də təmsil olunub.

Yekun imtahanın nəticəsinə görə, 15 nəfərin hər biri yüksək nəticə göstərib.

Qeyd edək ki, ötən il test üsulu ilə keçirilmiş imtahan nəticəsində Mərkəzə qəbul olunmuş 15 gənc “Avtomobil təmiri çilingəri” və “Defektoskopçu” ixtisasları üzrə 10 ay müddətində nəzəri, praktiki və istehsalat təcrübəsinə cəlb olunub. İki mərhələdən ibarət təhsil prosesi zamanı şagirdlər nəzəri biliklərlə yanaşı, öyrəndiklərini praktikada və istehsalatda geniş tətbiq ediblər.

Şagirdlərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın texniki minimumu, ingilis dili, texniki rəsmxətt, ilkin tibbi yardım, kompüter texnologiyasının əsasları, elektrik təhlükəsizliyi, qanunvericiliyin əsasları, fiziki tərbiyə ixtisasları tədris olunub. Əvvəlki illərdən fərqli olaraq cari ildə praktiki dərslərin 20%-i istehsalat müəssisələrində keçirilib. Praktiki hissəni bitirdikdən sonra şagirdlər test üsulu ilə nəzəri və praktiki imtahan verərək istehsalat təcrübəsinə göndərilib, müsbət qiymət almış tələbələr yekun sınaq imtahanına buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi