Yuxarı
    Bağlamaq

    SOCAR-ın idarə və müəssisələrində “Ümumdünya Əməyin Mühafizəsi Günü” ilə bağlı tədbirlər keçirilib

    İşçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etməsi ilə bağlı müvafiq təlimatlandırma işləri aparılıb

    Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün “Ümumdünya Əməyin Mühafizəsi Günü” münasibəti ilə SOCAR-ın idarə və müəssisələrində tədbirlər keçirilib, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, habelə işçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etməsi ilə bağlı müvafiq təlimatlandırma işləri aparılıb.

    “Report” şirkətə istinadən xəbər verir ki, SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində idarə və müəssisə rəhbərlərinin, istehsalat və sahə rəislərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssislərin iştirakı ilə geniş tədbir keçirilib. 

    Birliyin İcraçı direktorunun Əməyin mühafizəsi, ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov bildirib ki, hazırda “Azərikimya” İB-də istehsalatın bütün sahələrində işçilər üçün normal, təhlükəsiz və zərərsiz iş şəraiti yaradılıb və kimyaçıların sağlamlığına ziyan yetirə biləcək texniki nasazlıqların tam şəkildə aradan qaldırılması istiqamətində əməli tədbirlər görülür. Ötən dövr ərzində İstehsalat Birliyinin müəssisələrində mühəndis-texniki işçilər və fəhlələr arasında maarifləndirmə işinin aparılmasına geniş yer verilib. 

    Tədbir iştirakçıları “EP-300” qurğusunda 2016-2019-cu illəri əhatə edən modernizasiya və yeni qurğuların tikintisi işlərinin icrası ilə əlaqədar layihəyə cəlb olunmuş “SOCAR-KBR” birgə müəssisəsinin təhlükəsizlik üzrə meneceri Maykl Edqardın yeni layihələrin icrası zamanı təhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar təqdimatını maraqla qarşılayıblar. 

    Sonda “Etilen-Polietilen” zavodunun və Təmir-tikinti İdarəsinin 10 əməkdaşına əməyin mühafizəsi işində fərqləndiklərinə görə “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsinin diplom və mükafatları təqdim edilib.

    “Azneft” İstehsalat Birliyində keçirilmiş seminarda baş direktorun Əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov çıxış edərək, əsas diqqəti istehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması tədbirlərinin həyata keçirilməsinə yönəldib, ətraflı məlumat verib. 

    “Azneft” İB-in bu sahədə təcrübəsindən danışılıb, son illər müəssisədə normativ-texniki bazanın yaradılması, beynəlxalq idarəetmə sistemlərinin tətbiq edilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi sahəsində görülən işlər nəzərə çatdırılıb. Qeyd edilib ki, İstehsalat Birliyində əməyin mühafizəsi və təhlükəsizliyi istiqamətində maarifləndirmə tədbirləri daim diqqət mərkəzində saxlanılır. 

    Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda keçirilmiş tədbiri giriş sözü ilə açan müəssisənin direktoru Roman Nağıyev istehsalat sahələrində əməyin mühafizəsi işinin təkmilləşdirilməsi, iş prosesində peşə xəstəliklərinin yaranmasına səbəb ola biləcək zərərli və təhlükəli amillərin aradan qaldırılması üzrə tədbirlərin keçirildiyini söyləyib. Bildirilib ki, bütün xidmət sahələrində təhlükəsiz və ekoloji cəhətdən sağlam iş şəraiti yaradılıb. 

    Tədbirdə sahələrdə işçilərin təhlükəsiz iş şəraiti ilə bağlı imkanlarının artırılması ilə əlaqədar geniş müzakirə aparılıb, müvafiq tapşırıqlar verilib.                               

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi