Yuxarı

SOCAR-ın idarə və müəssisələrində təcrübə keçmiş ASAN könüllüləri sertifikat alıblar

SOCAR-ın idarə və müəssisələrində təcrübə keçmiş ASAN könüllüləri sertifikat alıblar
Bununla bağlı şirkətin baş ofisində tədbir keçirilib

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində ASAN Könüllülük Məktəbinin “Master-2” layihəsi çərçivəsində şirkətin idarə və müəssisələrində təcrübə keçmiş 12 ASAN könüllüsünə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, mərasimdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov və şirkətin digər nümayəndələri, ölkə prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və ASAN könüllüləri iştirak ediblər.

X.Məmmədov gəncləri təbrik edərək bildirib ki, SOCAR hər zaman gənclərə dəstək olub və uzun illərdir gənclərlə bağlı layihə və proqramlar həyata keçirir. SOCAR-ın Daxili Təqaüd Proqramı, Xaricdə təhsil Proqramı, Ödənişli yay təcrübəsi proqramı, Yay məktəbi layihələri minlərlə gəncin inkişafına töhfə verib.

Onun sözlərinə görə, ötən il SOCAR “ASAN xidmət”lə Əmərdaşlıq Sazişi imzalamaqla “ASAN school” könüllülük proqramı tərəfdaşları sırasına daxil olub. 2016-cı ildə təşkil olunan 1-ci layihədə müsabiqədən keçmiş 12 gənc könüllü 12 dekabr 2016-cı ildən 12 mart 2017-ci ilə qədər SOCAR-ın 6 struktur bölməsində (“Azneft” İB, Heydər Əliyev adına Neft Emalı Zavodu, İTRİ, İnsan Resursları Departamenti, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi, Ekologiya İdarəsi) təcrübəyə cəlb olunub. 2017-ci ildə də eyni adlı layihə üzrə “Master-2” proqramı çərçivəsində müsabiqə elan edilib və 24 nəfərinin mayın 1-dən SOCAR-ın 9 strukturunda təcrübə keçməsi məqsədəuyğun hesab olunub. X.Məmmədov ASAN könüllülərini SOCAR-da təcrübələrini başa çatdırmaları münasibəti ilə təbrik edib, gələcək karyeralarında onlara uğurlar arzulayıb.

X.Yusifzadə də gəncləri təbrik edərək onların könüllülük fəaliyyətinə həvəs göstərmələrinin təqdirəlayiq olduğunu bildirib, gənclərin 3 ay ərzində SOCAR-ın təcrübəli mütəxəssisləri ilə birbaşa çalışmalarını, şirkətin həyata keçirdiyi layihələrin icrasında iştirak etmələrini və təcrübə toplamalarını müsbət qiymətləndirib.

Ü.Mehdiyev isə qeyd edib ki, fəaliyyətə başladığı gündən 11 500 gənc ASAN könüllüsü olub. “ASAN school” könüllülük proqramı çərçivəsində isə indiyə qədər 30-dan çox dövlət və qeyri-dövlət təşkilatında 1500-dən çox könüllü təcrübə toplayaraq məzun olub. O həmçinin bildirib ki, hazırda ASAN könüllülərinin Xoşbəxt Yusifzadənin adını daşıyan qrupu fəaliyyətə başlayıb. Qrup üzvləri mütəmadi olaraq X.Yusifzadənin əmək fəaliyyəti və həyatı haqqında təqdimatlarla çıxış edəcəklər. 

Tədbirdə çıxış edən könüllülər onlara yaradılmış şəraitə görə SOCAR və ASAN xidmət rəhbərliyinə təşəkkürlərini bildiriblər. 

Daha sonra könüllülərə sertifikatlar təqdim edilib. Tədbirə ASAN könüllülərindən ibarət muğam triosunun çıxışı ilə yekun vurulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi