Yuxarı
    Bağlamaq

    SOCAR-ın idarə və müəssisələrində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

    Yanvar faciəsi Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib

    Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan xalqının qəhrəmanlıq tarixinin unudulmaz səhifəsi olan 20 Yanvar - Ümumxalq hüzn gününün 27-ci ildönümü ilə əlaqədar bütün ölkədə olduğu kimi SOCAR-ın idarə və müəssisələrində də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir, silsilə tədbirlər keçirilir.

    "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyində keçirilmiş anım tədbirində baş direktor Daşqın İskəndərov Sovet rejiminin Azərbaycana qarşı yönəlmiş hərbi-siyasi təcavüz aktı olan 20 Yanvar faciəsi haqqında məlumat verib, təpədən dırnağadək silahlanmış sovet ordusuna qarşı qəhrəmanlıq dastanı yazan xalqımızın azadlıq əzmindən danışıb. O, 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixinə milli birlik və özünüdərkin, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq rəmzi kimi daxil olduğunu qeyd edib. Tədbirdə çıxış edən digər natiqlər 1990-cı ilin yanvar faciəsinin Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin müdhiş gecədə həlak olan vətən oğullarının adlarının Azərbaycan tarixinə əbədilik həkk olunduğunu vurğulayıblar. 

    SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu və Təmir-tikinti İdarəsində də 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir. İştirakçılar Etilen-polietilin zavodunun qarşısındakı meydan¬çada torpaqlarımızın müdafiəsi uğrunda döyüşərək şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət edib, abidə önünə qərənfillər düzüblər. Çıxış edən natiqlər həmin dövrdə Kreml rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz, erməni¬pə¬rəst siyasəti nəticəsində baş vermiş Yanvar faciəsindən dərhal sonra həyatını təhlükədə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndə-liyinə gələn, Bakıda baş verənlərlə bağlı həqiqəti bütün dünyaya çatdıraraq, bu cinayətin birbaşa təşkilatçısı olanları “əli qana bulaşmış qatil” adlandıran, müasir Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevi minnətdarlıq hissi ilə xatırlayıblar. 

    H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunda təşkil olunmuş mərasimin iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bötüvlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini yad ediblər. Zavodun direktoru vəzifəsini icra edən Əliağa Səfərov bildirib ki, həmin hadisələrdən 27 il keçsə də, tarix unudulmur. Qeyd olunub ki, həmin qanlı yanvar gecəsində zavodun işçisi Azad Rzayev şəhid olub, Gülmirzə Ağayev isə yaralanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və 20 yanvar hadisələri zamanı zavodun əməkdaşlarından 8 nəfər əlil, 12 nəfər şəhid olub. Tədbirdə çıxış edən zavodun mexanika və energetika şöbəsinin rəisi, Qarabağ müharibəsi veteranı Qabil Allahyarov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 yanvar hadisəsinə siyasi-hüquqi qiymətin verildiyini, həlak olunanların xatirəsinin bütün ölkə boyu əbədiləşdirildiyini xatırlatdıb. Natiq hər il yanvarın 20-də xalqımızın axın-axın Şəhidlər Xiyabanı memorial kompleksini ziyarət etdiyini diqqətə çatdırıb. 

    Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzində qanlı yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbirdə çıxış edən TTSİ-nin rəisi Fuad Süleymanov deyib ki, Azərbaycan xalqı bu dəhşətli faciəni törədənlərə bu gün də öz dərin nifrətini bildirir. Tədbirdə vurğulanıb ki, hələ o zaman sovet hökumətinin qanlı siyasətini ifşa edən Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 yanvar hadisələrinin əsl mahiyyəti dünya birliyinə çatdırılıb, daha sonra isə bu faciəyə siyasi-hüquqi qiymət verilibdir. Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvarın Ümumxalq hüzn günü elan olunması haqda sərəncam imzalayıb. Tədbirin sonunda 20 Yanvar şəhidlərinə həsr olunmuş film nümayiş etdirilib. 

    20 Yanvar şəhidlərinin xatirəsi Ekologiya İdarəsində keçirilmiş tədbirdə də anılıb. İdarənin rəis müavini Əflatun Həsənov çıxış edərək Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş soydaşlarımızın ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, şəhidlərin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağına əminliyini ifadə edib. Çıxış edən digər natiqlər tarixə “qanlı şənbə gecəsi” kimi həkk olunmuş 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı cinayət aksiyası, eyni zamanda bütün insanlığa qarşı törədilmiş zorakılıq aktı olduğunu qeyd ediblər.

    Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbirində məktəbin tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov və başqaları qanlı yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildiriblər. Tədbir 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayiş etdirilməsi ilə başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi