Yuxarı

SOCAR-ın Gürcüstanda qaz anbarının tikintisində iştirak payı yaxın vaxtlarda müəyyənləşəcək

Bunu bildirən Gürcüstanın energetika naziri Kaxa Kaladze hazırda tərəflər arasında danışıqların aparıldığını qeyd edib

Bakı. 28 yanvar. REPORT.AZ/ Gürcüstanda qaz anbarının tikintisi layihəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı və maliyyələşdirmədə iştirakı yaxın vaxtlarda müəyyənləşəcək. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib. 

Nazir qeyd edib ki, hazırda bununla bağlı tərəflər arasında danışıqlar aparılır: "SOCAR Gürcüstanda qaz anbarının tikintisində iştirak etməkdə çox maraqlıdır. Yaxın vaxtlarda SOCAR-ın layihədə payı və maliyyələşmədə iştirakı müəyyənləşəcək".

K. Kaladze əlavə edib ki, qaz anbarının tikintisi üçün Gürcüstan Neft və Qaz Korporasiyasının (GOGC) kifayət qədər vəsaiti var: "Bu il qaz anbarının tikintisinə başlamağı planlaşdırırıq. Əgər heç bir problem olmazsa, 2018-2019-cu illərdə "Şahdəniz-2" layihəsi işə düşəcək və bizim əlavə həcmdə qaz almaq şansımız olacaq".

Qeyd edək ki, SOCAR-ın Gürcüstanda qaz anbarının tikintisində iştirakı ilə bağlı məsələ bu il yanvarın 13-də SOCAR prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyətinin Tbilisiyə səfəri zamanı müzakirə olunub.

Xatırladaq ki, Gürcüstan bu il yeni yeraltı qaz anbarının tikintisinə başlamağı planlaşdırır. Qaz anbarı "Samqori" neft yatağının cənub hissəsindəki ərazidə tikiləcək. Beynəlxalq tenderin qalibi olmuş Fransanın "Geostock SAS" şirkəti 2016-cı ilin əvvəlində yeraltı qaz anbarının tikintisi üçün texniki-iqtisadi əsaslandırma işini başa çatdıracaq. Bununla paralel olaraq GOGC layihənin maliyyələşdirmə şərtlərinin öyrənilməsi və optimallaşdırılması məqsədilə kommersiya bankları, beynəlxalq maliyyə institutları və özəl şirkətlərlə danışıqlar aparır.

Yeraltı qaz anbarının inşası başa çatdıqdan sonra orada 230-250 mln. kubmetr həcmində təbii qazın saxlanması mümkün olacaq. Bu isə Gürcüstanın illik istehlakının 15%-ni təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi