Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) istehsalat obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, eləcə də mövcud infrastrukturda yenidənqurma işlərinin aparılması məqsədilə təsdiq edilmiş Tədbirlər Proqramına uyğun olaraq, 680 nömrəli estakadayanı meydançada təmir işlərinin aparılması nəzərdə tutulur. Bu barədə "Report"a SOCAR-ın İctimaiyyətlə əlaqələr Departamentindən bildirilib.
Təmir məqsədilə təsdiqlənmiş layihə tapşırığına əsasən, "Səngəçal-dəniz" sahəsində, dənizin 14,5 metr dərinliyində yerləşən 680 nömrəli meydançada yükdaşıyan konstruksiyaların təmiri, örtük tavalarının dəyişdirilməsi, eləcə də korroziyadan mühafizə tədbirlərinin və elektrik işlərinin görülməsi, rotor və qülləaltı svayların gücləndirilməsi planlaşdırılır. Meydançanın təhlükəsiz istismarı məqsədilə burada yanğından mühafizə sistemi bərpa olunacaq, dalma nasosları quraşdırılacaq. Ümumiyyətlə, 2 310 kv. metr sahəni əhatə edən meydançanın 1 750 kv. metrlik hissəsi əsaslı təmir ediləcək.
"Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında təmir olunacaq meydançanın baş podratçısı "Neftqaztikinti" Trestidir.
Qeyd edək ki, 1980-ci ildə istismara verilən 680 nömrəli estakadayanı meydançadan sutkada 65 ton neft hasil olunur.