Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-2017-ci illərdə 9 özülün tikintisini və 81 quyunun qazılmasını nəzərdə tutur.
"Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
"İnkişaf strategiyasına uyğun olaraq qazma işləri həyata keçirilir. "Dayazsulu Günəşli" yatağında 7 saylı özül tikilib və qazma işləri aparılır. "Bulla-dəniz" yatağında 6 saylı özül təhvil verilib, qazma işlərinə başlanılıb", - deyə Şirkət rəhbəri əlavə edib.
SOCAR prezidenti qeyd edib ki, bunlardan əlavə bir neçə özül də inşa olunacaq: "Artıq "Dayazsulu Günəşli" yatağında 7A saylı dərin dəniz özülünün tikintisinə başlanması barədə qərar qəbul edilib. Bu özüldə əsasən qaz quyuları qazılacaq. Düşünürəm ki, 81 quyunun qazılması nəticəsində neft və qaz hasilatının artımına nail olacağıq."