Yuxarı

SOCAR Gürcüstanın qazlaşdırılmasına 21,4 mln. dollar yatırıb

Gürcüstanda təbii qazla təmin olunan abonentlərin sayı bu il 480 minə çatdırılacaq

Bakı. 16 fevral. REPORT.AZ/ "SOCAR Georgia Gas” MMC 2014-cü ildə Gürcüstanın qazlaşdırılması layihələrinə təxminən 21,4 mln. ABŞ dolları məbləğində sərmayə yatırıb.

"Report"un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, 2014-cü il ərzində Gürcüstan bazarına ümumilikdə 1,348 mlrd. kubmetr həcmində təbii qaz çatdırılıb. Bu da 2013-cü illə müqayisədə 10,5% çoxdur. Təkcə “SOCAR Georgia Gas” vasitəsilə Gürcüstan bazarına 798 mln. kubmetr kommersiya təyinatlı təbii qaz idxal olunub.

Ötən il Gürcüstanda 1 000 km-dən artıq yeni qaz xәtlәri çəkilib, nəticədə 47,1 min abonent təbii qazla təmin olunub. Hazırda Gürcüstan üzrə təbii qazla təmin olunan abonentlərin sayı 410 mindən artıqdır. Bu ilin sonuna kimi Gürcüstanda təbii qazla təmin olunan abonentlərin sayı 480 minə çatdırılacaq.

Qeyd edək ki, SOCAR-ı Gürcüstanda təmsil edən “SOCAR Energy Georgia” MMC-nin tərkib hissəsi olan “SOCAR Georgia Gas” 2007-ci ildə qonşu respublikanın qaz bazarında fəaliyyət göstərmək məqsədilə yaradılıb. Şirkət təbii qazın idxalı, sosial və kommersiya tipli istehlakçılara satışı ilə məşğul olmaqla yanaşı, Gürcüstan İqtisadi İnkişaf Nazirliyi ilə imzalanmış müqavilə əsasında yeni qaz kəmərlərinin tikintisi və mövcud kəmərlərin reabilitasiyasını həyata keçirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi