Yuxarı

SOCAR "Günəşli" yatağında yeni platforma istifadəyə verib - YENİLƏNİB-2

Bu, Azərbaycanın müstəqillik illərində bütün işlər tam şəkildə SOCAR tərəfindən həyata keçirilmiş ilk və ən dərin dəniz özülüdür

İlk xəbər saat 13:37-də verilib

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin milli sektorunda yerləşən "Günəşli" yatağında yeni platforma istifadəyə verib. Bu gün Dövlət Neft Şirkətinə məxsus "Günəşli" yatağında yeni inşa edilmiş 7 saylı dərin dəniz özülü istismara verilib.

"Report" xəbər verir ki, mərasimdə şirkətin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər. Özülə baxış keçirən SOCAR prezidentinə məlumat verilib ki, istismara buraxılan bu obyekt müstəqillik illərində layihələndirmə, tikinti və quraşdırma işləri tam şəkildə Şirkət tərəfindən həyata keçirilmiş ilk və ən dərin dəniz özülüdür.

*** 13:57

Bu özülün layihəsi "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən verilib, tikintisi isə "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilib. 20 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül "Günəşli" yatağının şərqindəki sahədə yerləşir və dənizin 148 metr dərinliyində quraşdırılıb.

Qeyd olunub ki, özüldə qazma işlərini yerinə yetirmək üçün 2 ədəd müasir standartlara cavab verən yeni qazma qurğusundan istifadə ediləcək.

Bunlardan biri "ZJ 70/4500 DZ" tipli Çin istehsalı olan qazma kompleksidir. İkincisi Almaniya istehsalı olan "Bentec 3000 HP AC" modul tipli qurğu isə yeni nəsil qazma avadanlığıdır və onun imkanları daha böyükdür - 8-9 min metr dərinliyə maili quyuların qazılması mümkündür. 7 saylı özüldə 6 qaz, 14 neft quyusunun qazılması nəzərdə tutulur.

Geoloqların hesablamalarına görə, neft quyularının hər birindən sutkada 100 ton neft və 15 min kubmetr səmt qazı, qaz quyularının hər birindən isə sutkada 150 min kubmetr təbii qaz və 15 ton kondensat hasil ediləcək.

Daha sonra SOCAR prezidenti yataqda qazılacaq ilk istismar quyusunda qazma dəzgahını işə salıb.

R.Abdullayev neftçilər qarşısında çıxış edərək Azərbaycan Prezidentinin SOCAR qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədilə aparılan kompleks tədbirlərdən danışıb, "Günəşli" yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından yeni özülün əhəmiyyətini vurğulayıb.

***

Obyektin vaxtında və keyfiyyətlə istismara buraxılmasını yüksək qiymətləndirən şirkət rəhbəri ölkənin neft-qaz təsərrüfatının yaxşılaşdırılması, durmadan artan hasilat və nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədirlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.

Qeyd olunub ki, dəniz səviyyəsindən göyərtəyədək olan məsafə 15 metr, üst döşəməyədək olan məsafə isə 30 metrdir. Özül iki hissədən - dayaq blokundan və üst tikililərdən ibarətdir. 9 683,1 tonluq piramidaşəkilli dayaq blokunun hündürlüyü 151 metrdir. Üst tikililər isə 1 872 ton ağırlığındakı göyərtədən və ümumilikdə 3 561 ton çəkiyə malik 14 ədəd moduldan ibarətdir. Platformanın ümumi çəkisi isə 25 331,5 tondur. Bir ədəd vertolyot meydançasının və 2 ədəd gəmi yanalma meydançasının quraşdırıldığı özüldə işçi personalının rahat və təhlükəsiz çalışması üçün məişət evi və 120 nəfərlik yaşayış binası inşa edilib. Özül “HAK” tipli qaldırıcı kranlar, xilasedici qayıqlar, su təchizatı, ventilyasiya, isitmə-soyutma və yanğınsöndürmə sistemləri, nəzarət ölçü cihazları və digər zəruri avadanlıqlarla təchiz edilib, radioəlaqə və avtomatika işləri yerinə yetirilib. Hasil ediləcək karbohidrogenlərin ilkin nəqli məqsədilə buradan 8 saylı özülə qədər sualtı neft və qaz kəmərləri çəkilib. İnşaat işləri müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirilib. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib. Bildirilib ki, özülün enerji ilə təchizatı hazırda 8 saylı dərin dəniz özülündən çəkilmiş 6 kV-luq sualtı kabel xətti vasitəsilə təmin olunur. Gələcəkdə özülün elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə alternativ olaraq “Günəşli” yatağındakı 2 və 19 saylı özüllərlə də 6 kV-luq sualtı kabel xətti vasitəsilə əlaqələndirilməsi nəzərdə tutulub. Eyni zamanda, neftin və qazın nəqli üçün əlavə olaraq 14 və 19 saylı özüllərə qədər müvafiq təyinatlı sualtı neft, qaz və su boru kəmərlərinin çəkilməsi, texnoloji xətlərin quraşdırılması da planlaşdırılır.

Qeyd edək ki, platformanın tikintisinə 2010-cu ildə başlanıb. Platformanın ümumi smeta dəyəri 180,828 mln. manat təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi