"SOCAR-GPC" layihəsinin investisiya qərarı gələn il qəbul ediləcək

"SOCAR-GPC" layihəsinin investisiya qərarı gələn il qəbul ediləcək GPC layihəsinin 2022-ci ildə istismara veriləcəyi gözlənilir
Energetika
29 Noyabr , 2017 11:09
SOCAR-GPC layihəsinin investisiya qərarı gələn il qəbul ediləcək
"SOCAR-GPC"-nin baş direktor müavini Fuad Əhmədov / Report/ Firi Salim

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və neft-kimya kompleksi - "SOCAR-GPC" layihəsinin maliyyə və yekun investisiya qərarı gələn ilin may-iyun aylarında qəbul olunacaq.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft emalı və neft-kimya" konfransında "SOCAR-GPC"nin baş direktor müavini Fuad Əhmədov bildirib.

"Maliyyələşmə ilə bağlı bazar araşdırması aparılıb. Bu layihədə Hollandiyanın "ING Bank"ı, Çinin İnkişaf Bankı (CDB) və Rusiyanın "Gazprombank"ı maliyyə məsləhətçisi olaraq çıxış edir. CDB bankın bu layihənin əsas kreditoru olacağı gözlənilir", - direktor müavini qeyd edib.

F.Əhmədov bildirib ki, "SOCAR-GPC" layihəsi üzrə illik gəlirin məbləği 0,8-1,2 mlrd. ABŞ dolları həcmində hesablanır.

Onun sözlərinə görə, layihə üzrə ümumi investisiya xərcləri isə ilkin qiymətləndirməyə əsasən 4,2 mlrd. dollar təşkil edəcək: "Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Kompleksdə həmçinin 600 min ton polietilen və 130 min ton propilen istehsalı nəzərdə tutulur. Layihə hazırda FEED (Front End Engineering Design - ilkin detallı qiymətləndirmə) mərhələsindədir".

F.Əhmədov GPC layihəsinin 2022-ci ildə istismara veriləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi