Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda fəaliyyət göstərən törəmə müəssisələri meşə yanğınının söndürülməsi məqsədi ilə bu ölkədə başlamış “Borjomi meşələrini xilas edək“ aksiyasına qoşulub.
“Report” xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın müvafiq dövlət orqanları və biznes qurumları Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınları ilə mübarizədə fəal iştirak edirlər. SOCAR-ın Gürcüstanda fəaliyyət göstərən törəmə müəssisələri də yanğının söndürülməsi məqsədi ilə bu ölkədə başlamış “Borjomi meşələrini xilas edək“ aksiyasına qoşulublar”, - deyə məlumatda qeyd olunub.
“SOCAR Georgia Petroleum” şirkəti Borjomi-Xaraqulsk qoruğunda baş vermiş təbii fəlakətlə mübarizə üçün 45 ton təyyarə yanacağı, 10 ton benzin və 10 ton dizel yanacağı ayırıb. “SOCAR Georgia Petroleum” kollektivi həmçinin gələcəkdə yanğın nəticəsində məhv olmuş meşələrin bərpasında iştirak edəcəyini, yanğın söndürüldükdən sonra 2 hektar ərazidə ağacların əkilməsini öz üzərinə götürməyə hazır olduqlarını da bildirib.