“SOCAR Georgia” Gürcüstanda yeni yanacaqdoldurma kompleksi açmağı planlaşdırır

“SOCAR Georgia” Gürcüstanda yeni yanacaqdoldurma kompleksi açmağı planlaşdırır ​“SOCAR Georgia” Gürcüstanda yeni YDM tikir
Energetika
3 İyul , 2019 10:14
“SOCAR Georgia” Gürcüstanda yeni yanacaqdoldurma kompleksi açmağı planlaşdırır

Gürcüstanın Tercola (Terjola) şəhəri yaxınlığında "SOCAR" brendi ilə yeni yanacaqdoldurma kompleksi inşa olunur.

Bunu “Report”a eksklüziv açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - "SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.

O qeyd edib ki, bu kompleks “Sınıq Körpü” Gömrük-Keçid Məntəqəsindən Batumi şəhərinə qədər uzanan əsas magistral avtomobil yolunda "SOCAR" brendi ilə fəaliyyət göstərəcək 5-ci kompleks olacaq. 

“Bilirsiniz ki, Gürcüstanda bizim geniş yanacaqdoldurma şəbəkəmiz var. Bu Azərbaycandan kənarda ilk şəbəkəsi olub və indi də bu şəbəkə inkişaf etməkdədir. SOCAR Gürcüstanda şəbəkəsini genişləndirməkdə maraqlıdır. Hazırda Gürcüstanda bütün ölkə üzrə şəbəkə torunu yaratmışıq.  Qonşu ölkənin elə bir yeri yoxdur ki, orada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə (YDM) rast gəlməyəsiniz.

Həmçinin Tbilisidən başqa Gürcüstanın bütün ərazisində Azərbaycanın qaz distribusiya şəbəkəsi fəaliyyət göstərir. Hazırda YDM şəbəkələri baxımından şirkətin belə böyük inkişaf planı elan etməsinə ehtiyac yoxdur. Biz müəyyən həddə çatmışıq ki, geniş inkişafa ehtiyac yoxdur. Amma Gürcüstanda böyük tikintilər həyata keçirilir. 

Bu isə müəyyən yolların əhəmiyyətini artırır, yaxud azaldır. Ölkənin infrastruktur xəritəsi dəyişməyə başlayır və biz buna reaksiya veririk. Xüsusilə də “Sınıq Körpü” Gömrük-Keçid Məntəqəsindən Batumi şəhərinə qədər ölkənin əsas magistral avtomobil yolunun xüsusiyyətini, əhəmiyyətini nəzərə alıb yeni YDM-ləri kompleks şəkildə inşa edirik. Bizim belə bir kompleksimiz Tercola (Terjola) məntəqəsi yaxınlığında inşa olunur. Yol boyu artıq belə 4 böyük məntəqəmiz var, bu da 5-ci olacaq”, - M. Məmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi