​SOCAR gələn il Neft-Qaz və Neft-Kimya Kompleksinin inşasına başlayır

​SOCAR gələn il Neft-Qaz və Neft-Kimya Kompleksinin inşasına başlayır Birinci mərhələyə yatırılacaq 7 mlrd. dolların 30%-ni dövlət, 70%-ni isə beynəlxalq təşkilatlar təmin edəcək
Energetika
20 Noyabr , 2014 10:28
​SOCAR gələn il Neft-Qaz və Neft-Kimya Kompleksinin inşasına başlayır

Bakı. 20 noyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda Neft-Qaz və Neft-Kimya Kompleksinin inşaat işlərinə başlanacaq. "Report" xəbər verir ki, bunu bu gün Bakıda II Azərbaycan və Xəzər dənizi Neft-Qaz Həftəsi çərçivəsində keçirilən tədbirdə Neft-Qaz və Neft-Kimya Kompleksi layihəsininTəşkili və müqavilələr Departamentinin layihə üzrə işlərin təşkili şöbəsinin böyük mühəndisi Orxan Cəfərov bildirib.

Onun sözlərinə görə, iki mərhələdən ibarət olacaq kompleksin tikintisi prosesinin birinci mərhələsi çərçivəsində 2015-ci ildə qaz emalı zavodu, sonrakı mərhələdə isə neft-kimya zavodunun tikintisinə başlanacaq və bu işlərin 2020-ci ildə tamamlanması planlaşdırılır.

O.Cəfərov qeyd edib ki, birinci mərhələnin dəyəri 7 mlrd. ABŞ dolları təşkil edir və bunun 30%-ni dövlət ödəyəcək, qalan 70%-ni isə beynəlxalq maliyyə təşkilatları təmin edəcək: "İlkin işləri görmək üçün plan hazırlamışıq və kvalifikasiya işləri həyata keçirmişik. Bundan sonra isə tikinti ilə əlaqədar tender elan olunacaq. Relyefin tələb edilən kimi olmasına əminlik üçün bəzi fotolar da çəkilib. Həmçinin, daşınma ilə bağlı araşdırmalar aparılıb. Çünki bildiyiniz kimi, Volqa-Don kanalının donma müddəti var və çalışırıq ki, daşınma zamanı ilə donma vaxtı üst-üstə düşməsin".

"Layihənin maliyyələşdirilməsi ilə bağlı beynəxalq ixrac kredit agentlikləri ilə danışıqlar aparılır. Maraqlıdır ki, adətən həmin agentliklər layihələrin onlara təklif olunmasını gözləyir. Sevindirici haldır ki, bizim bir müddət əvvəl keçirdiyimiz tədbir zamanı həmin agentliklər özləri bizə müraciət ediblər", - deyə SOCAR rəsmisi vurğulayıb.

Bununla yanaşı, layihənin icrası çərçivəsində bir sıra infrastruktur layihələrinin reallaşdırılması nəzərdə tutulur: "Bu layihə çərçivəsində sinerji işlərini də reallaşdırmağı düşünürük".

Son xəbərlər

Orphus sistemi