SOCAR DESFA məsələsində kompromisə ümid edir

SOCAR DESFA məsələsində kompromisə ümid edir Anar Məmmədov: "Yunanıstanın bu özəlləşdirməni başa çatdırmağa marağı varsa, ümid edirik ki, hansısa təkliflər verəcək"
Energetika
8 Sentyabr , 2016 11:46
SOCAR DESFA məsələsində kompromisə ümid edir

İzmir. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstan qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA-nın özəlləşdirilməsi çərçivəsində səhmlərinin alınması üzrə razılaşmanın uğurla başa çatması üçün yunan hökumətindən təkliflər gözləyir. "Report"xəbər verir ki, bunu Türkiyədə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşdə "SOCAR Energy Greece" şirkətinin icraçı direktoru Anar Məmmədov bildirib. O qeyd edib ki, SOCAR yeni şərtlərlə, yeni şəraitdə özəlləşdirməyə davam etməyə hazır olmaya bilər və kompromis üçün qarşı tərəfə təklif verib. 

"İyul ayında Yunanıstan hökuməti tərəfindən energetika nazirinin təşəbbüsü ilə qanunvericiliyə bir neçə dəyişiklik olunub. Bunun da DESFA-nın tariflərinə çox mənfi təsiri olub. Bizim fikrimizcə, DESFA-nın dəyəri 50% azalıb. Bu dəyişikliklər olduğu kimi qalarsa yeni şəraitdə, yeni şərtlərlə artıq bu layihə bizim üçün o qədər də maraqlı deyil. Bu barədə Yunanıstan dövlətinə mövqeyimizi bildirdik. Yunanıstan tərəfinə birlikdə kompromis tapmaq üçün təklif verilib. Yunanıstan hökumətindən təkliflər gözləyirik. Yunanıstan dövlətinin bu özəlləşdirməni başa çatdırmağa marağı varsa, ümid edirik ki, hansısa təkliflər veriləcək", - deyə A.Məmmədov əlavə edib.

A.Məmmədov DESFA-ya marağın qaldığını, işləri davam etdirmək istədiklərini əlavə edib: "Qarşı tərəf düşünür ki, bu dəyişikliklər regional qaz bazarına daha faydalı ola bilər, bu da Yunanıstan dövlətinin qərarıdır və onlarla mübahisə etməyəcəyik. Bizim tələbimiz çox sadədir - bu özəlləşdirmədə maraqlı olduğumuzu bildiririk və prosesi başa çatdırmaq istəyirik, lakin şərtlər kommersiya nöqteyi-nəzərdən məntiqli olmalıdır. DESFA ilə bağlı hər şey hazırda Yunanlstan dövlətindən asılıdır. Biz tender posesində üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə hazırıq. Amma bu, əvvəlki şərtlərlə olmalıdır, yeni şəraitdə isə bizim üçün çətin olacaq". 

SOCAR-ın DESFA üçün verdiyi zəmanət məktubunu uzadıb-uzatmayacağına gəlincə isə o bildirib ki, bunu üçün güclü səbəb lazımdır: "Sentyabrın 30-da zəmanət məktubunun müddəti bitir. Zəmanət məktubunun müddətini uzatmaq sadə prosesdir, bir neçə gün ərzində mümkündür. Lakin bunu etmək üçün bizə güclü səbəb lazımdır. Hələ də belə səbəb əlimizdə yoxdur. Yunanıstan tərəfindən müsbət siqnal hələ ki, almamışıq. Amma zaman var. Ümid edirik ki, kompromis tapa biləcəyik. Kompromis tapa bilməsək, başqa variantlar düşünməliyik".

Son xəbərlər

Orphus sistemi