Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Bakıda səfərdə olan Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü lord Devid Evansla görüş keçirib.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə R.Hüseynzadə Britaniya-Azərbaycan münasibətlərindən söz açıb, bu münasibətlərin qarşılıqlı inam üzərində qurulduğunu və inkişaf etdiyini qeyd edib.
Görüş zamanı SOCAR-BP əməkdaşlığına toxunan vitse-prezident R.Hüseynzadə bu əməkdaşlığın iki ölkə arasında mövcud münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. Lord D.Evans ötən gün Azərbaycanda keçirilmiş parlament seçkilərinin yüksək səviyyədə, beynəlxalq hüquq və demokratiya normalarına uyğun keçirildiyini xüsusi olaraq qeyd edib.
Görüş əməkdaşlıq sahəsində gələcək planların müzakirəsi ilə davam edib.